Azərbaycan beynəlxalq arenada sözü eşidilən ölkədir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan beynəlxalq arenada sözü eşidilən ölkədir - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevirilib. Bu gün Azərbaycan yeni hərbi-siyasi güc mərkəzi, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi qəbul edilir. Regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün müstəqil dövlətimizin yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır". SİA xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu: "Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı dosta qürur, düşmənə göz dağı oldu. Ölkə başçısı İlham Əliyev siyasətinin, liderliyinin nəticəsində Azərbaycan ikinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirdi, ölkəmizə olan marağı artırdı. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq. Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Xəzər və Aralıq dənizi hövzələrinin, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsi bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Möhtərəm cənab Prezident İlham Əliyevin birinci və ikinci Qarabağ savaşı zamanı şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə, müharibə veteranlarına göstərdiyi diqqət və onların sosial təminatının yaxşılaşdırılması üçün atdığı bütün addımlar ən böyük rəğbətə layiqdir".

N.Həmzəyev vurğulayıb ki, qeyd etmək istədiyim önəmli digər məsələ də yeni sosial islahatlar paketinin həyata keçirilməsidir: "Bu sənədlərə əsasən həyata keçiriləcək tədbirlər əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasının xüsusilə son illərdə geniş miqyas aldığının daha bir təsdiqidir. Yeni Fərman və Sərəncamlarla müavinətlər, əmək haqqı və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasında yer alan Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Bir sözlə, tarixi zəfərimiz, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması onu bir daha təsdiq edir ki, dövlət ölkə Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır və dövlətimizin daha da güclənməsinə xidmət edir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə