Azərbaycanın son 18 illik tarixinin möhtəşəm uğurları FOTOLAR

Azərbaycanın son 18 illik tarixinin möhtəşəm uğurları FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "Azərbaycan son 18 ildə" adlı tədbir keçirilib. Tədbirdə ilk olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən partiya üzvləri, ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayon ictimaiyyətinin nümayəndələrinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövrünə nəzər salıb: "Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı".

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 ilə nəzər salaraq, respublikamızın bütün sahələrdə xüsusilə də, dövlət idarəçiliyində əldə etdiyi uğurların, sosial-iqtisadi nailiyyətlərin göz qabağında olduğunu bildirib: "Öz gündəlik həyatında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir".

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirildiyini diqqətə çəkərək Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına olduğunu vurğulayıb. Qeyd edib ki, Cənab Prezidentin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı isə çıxışında son 18 ildə möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında təhsilə və tədrisə ayrılan diqqət sayəsində müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Vətən müharibəsi qazisi Rüfət Salmanov, Vətən müharibəsində şəhidi olmuş Rauf Əliyevin atası Səxavət Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan Vətən müharibəsinin Qələbəsi ilə başa çatdığını bildiriblər. Qeyd edilib ki, hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu "məğlubedilməz" ordunu və "keçilməz" istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atıb. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin fəaliyyətinin sosial mediada fəal təbliğinə görə bir qrup fəal partiya üzvü diplom və hədiyyələrlə mükafatlandırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə