Həmrəylik Gününü daha geniş qeyd etməyə haqqımız var - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ
"Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Mən belə hesab edirəm ki, cənab Prezidentin dünya azərbaycanlılarının əsl həmrəyliyinə yönələn siyasətinin 2020-ci ildə biz nəticəsini gördük. 27 sentyabrda başlanan azadlıq müharibəsi zamanı təkcə 10 milyon Azərbaycan vətəndaşı deyil, eyni zamanda dünya azərbaycanlıları Ali Baş Komandanın yanında olmağı bacardı. Bu birlik bizi şanlı qələbəyə apardı". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, lakin 2020-ci ilin 31 dekabrında Dünya Azərbaycanlılarının Həmrəylik Günündə biz qələbənin sevincini yaşasaq da, bir gözümüzlə şəhidlərimiz üçün ağlayırdıq, yaralılarımız üçün Allaha dua edib, qazilərimizin sağalmasını istəyirdik. Şəhidlərimizin ailələrinə başsağlığı verirdik. Mən belə hesab edirəm ki, biz qələbə əldə etsək də, bayramları ürəkli qeyd etmədik. Çünki 3000-ə yaxın şəhidimiz olduğu halda hansı yeni il şənliyindən, hansı həmrəylik bayramından söhbət gedə bilərdi.
Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Artıq qələbədən bir il keçib. 2021-ci ilin dekabrının son günləridir. Şəhidlərimizin ili çıxıb. Qazilərimizin böyük əksəriyyəti sağalaraq normal həyata yenidən qovuşublar. Post-müharibə dövründə dövlətimiz diplomatiyada çox böyük uğurlar qazanıb. Cənab Prezidentin saysız-hesabsız səfərləri, beynəlxalq təşkilatlarda iştirakı, dünyada tanınmış, nüfuzlu mətbuat orqanlarına vermiş olduğu müsahibələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla bərabər, əldə olunmuş qələbənin saxlanmasında bizə çox böyük uğurlar gətirmişdi. Artıq sərhədlərimizin müəyyən hissəsi ordumuz tərəfimizdən qorunur və Qarabağda yenidənqurma, abadlıq işləri çox sürətlə gedir. Bərpa işlərinin nəticəsi olaraq belə hesab edirəm ki, növbəti illərdə bu ərazilərə yavaş-yavaş köç başlayacaq.
Hesab edirəm ki, biz 2021-ci ilin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha geniş qeyd etməyə haqqımız var. Bu birlik artıq əldə olunub və bu birlik münasibətilə də xalqımızın daha çox sevinməyə və uğurlarını qeyd etməyə haqqı var. Biz həmişə 31 dekabr bayramından əvvəl cənab Prezident tərəfindən əfv fərmanlarının verilməsinin şahidi olurduq. Bunu mən bir hüquq müdafiəçisi kimi deyirəm. Artıq ölkədə Aministiya aktı elan olunmaqla daha bir humanist addım atılıb. Aministiya aktının həyata keçirilməsi davam edir. 15-16 min məhkumun öz ailəsinə qovuşması prosesi davam edir. Bu baxımdan mən hesab edirəm ki, saysız-hesabsız uğurlarımızı, əldə etdiyimiz qələbələri, ölkə daxilində və insanların sosial, iqtisadi rifahına yönəlmiş qanunların Milli Məclis tərəfindən qəbul olunması bizə daha çox sevinmək üçün şərait yaradır. Mən qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə hər kəsi təbrik edirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB