Avropalı yazıçı A.Frans belə demişdir:
“Atanın və Ananın fəzilətləri, uşaqların sərvətidir”
Həqiqətən də, Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində, öz sevgi və fəzilətləri ilə mənəvi sərvətləndirdikləri övladları İlham Əliyev. O, 24 dekabr 1961 – ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
“Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir”(Demokrit)
O, 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almış, 1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldıqdan sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
“Elm insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür.”(Platon)
Dərin elmi bilikləri və zəngin elmi təcrübələri Onu, Dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi formalaşmasına səbəb olur və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olur.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olaraq Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edir.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olur. Sonra, 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilir.
Daha sonra, 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunur. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilir.
Ulu öndər Heydər Əliyevin dediyi kimi “Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır”.
Qəlbi Dövlətçilik ideologiyası ilə döyünən cənab İlham Əliyev Azərbaycan xalqının etimadını və rəğbətini qazanaraq 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilir. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilir və 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilir.
Türkiyə Respublikasının ulu öndəri qazi Mustafa Kamal Atatürk belə demişdir: “Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları da, həyatı boyu Azərbaycan xalqının xoşbəxtliyi yolunda böyük addımlar atmış, hər zaman öz xalqının rifahını və xoşbəxtliyini düşünən ən böyük şəxsiyyət kimi dünya çapında da, özünü doğrultmuşdur. Ona, Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il). Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il). Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il). Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il). Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il). Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il). Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il). Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il). Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il). Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il). Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il). Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il). Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il). Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il). Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il). “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il). Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il). Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il). Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il) təqdim edilmiş və 7 fevral 2004-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru , 1
mart 2004-cü ildə Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı, 25 mart 2004-cü ildə Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru , 14 aprel 2004-cü ildə Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı , 12 oktyabr 2004-cü ildə Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru, 23 sentyabr 2005-ci ildə Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru, 24 aprel 2007-ci ildə Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru , 29 iyul 2007-ci ildə İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru , 18 fevral 2008-ci ildə Macarıstanın Korvinus Universitetinin fəxri doktoru , 21 fevral 2008-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru , 22 may 2008-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru , 28 noyabr 2008-ci ildə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru, 2 noyabr 2009-cu ildə Bakı Dövlət Universitetinin fəxri doktoru , 12 noyabr 2009-cu ildə Belarus Dövlət Universitetinin fəxri professoru , 16 oktyabr 2014-cü ildə Tacikistan Milli Universitetinin fəxri doktoru , 11 dekabr 2015-ci ildə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu ilə təltif olunmuşdur, o cümlədən Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı, Beynəlxalq Güləş Federasiyasının xüsusi mükafatı, Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni, Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı, Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni, MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı, Beynəlxalq Güləş Federasiyasının “İdman əfsanəsi” medalı, Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı, Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni, Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı ilə təltif olunmuşdur.
“Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin”(Yohann Volfqanq Höte)
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində belə demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
“Bir ata yüz müəllimə əvəzdir” (Corc Herbert)
Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi, Onun, irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarı kimi 44 günlük ikinci Qarabağ müharibəsində qazanılan qalibiyyətdən sonra öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.” (Heydər Əliyev)
Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edirək belə deyir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
“Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil” (Avraam Linkoln)
Azərbaycan öz azadlığı kimi, bütün dünyanın da, azad olmasını istəyir. Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin və tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” (Heydər Əliyev)
Hər zaman müstəqil demokratik siyasət yürüdən, dünyada qəbul edilən bütün beynəlxalq qanun və qaydalara tam riayət edən, Qoşulmama Hərəkatının əsas götürdüyü "Bandunq prinsipləri"nə qeyd şərtsiz əməl edən Azərbaycan İlham Əliyev cənablarının rəhbərliyi ilə, 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunur və hərəkatın XVIII sammitində 2019-2022-ci illər üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları sədr seçilir. 2021-ci ilin 11 oktytyabr tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilir və Dövlətimizin başçısı hər zamankı kimi, dünya ictimaiyyətinə önəmli mesajlar verir.
Cənab prezident çıxışı zamanı Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzundan, Qoşulmama Hərəkatının sülh və ədalət prinsiplərini təbliğ edən təsisat olmasından, dünya siyasətinin böyük problemlərindən biri olan beynəlxalq riyakarlıq və ikili standartlardan və sair mövzular haqqında haqlı fikirlərini söyləyir.
Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstəyin əhəmiyyətli hadisə olmasını vurğulayan İlham Əliyev cənabları həmin ölkələrin Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdiklərini diqqətə çatdırır.
“Gözündən axan yaşa həmdəm olacaq neçə adam var ki, qardaşdan başqa”
Bəli həqiqətən də Azərbaycan xalqının otuz illik işğal müddətində gözündən axan yaşa həmdəm, olan, əsil can qardaşı Türkiyə xalqı oldu. Azərbaycan və Türkiyə xalqları ilə bərabər bu dost qardaş dövlətlərin rəhbərləri də, əsil dost və qardaşlıq nümunəsi olaraq 44 günlük vətən müharibəsi dövründə də, bir və birlik oldular.
“Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə” (Bəxtiyar Vahabzadə)
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.
“Qan tökməyi sevən bir millət deyilik, amma mövzü vətəndirsə dünyanın şah damarını da kəsərik” (Möhsin Yazıçıoğlu)
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmənin şah damarını kəsdi və düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı, Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
“YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan ali diqqətin təcəssümüdür. Bu fondlar öz fəaliyyətində Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş” Fondu işğaldan azad olunmuş ərazilərin bərpası və ümummilli həmrəyliyi təcəssüm edən daha bir önəmli təşəbbüsdür. Qurum dövlət ilə ictimai institutlar arasındakı münasibətləri keyfiyyət etibarilə yeni səviyyəyə çıxardır. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar.
Onuda qeyd edim ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi də, 2020 – ci ilin noyabr ayından bu günədək ikinci Qarabağ müharibəsində yaralanan 1500-dən çox qazinin reabilitasiyasında və tibbi bərpasında xüsusi xidmətlər göstərib. Bundan əlavə şəhid olmuş hərbi qulluqçuların övlarlarına (anaları ilə bərabər) yay tətili müddətində istirahətlərinin səmərəli keçirilməsi təşkil olunmuş və şəhid valideynlərinə sanator-kurort, müalicə-bərpa xidmətləri göstərilmişdir.
Bu görülən işlər bir daha onu sübut edir ki, Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsinin digər iştirakçılarına dövlətin qayğısı və Prezident İlham Əliyevin himayəsi hər zaman prioritet məsələ olacaqdır.
Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB