“Azadlıq Hərəkatçıları” İctimai Birliyi Prezidentə təbrik ünvanlayıb

“Azadlıq Hərəkatçıları” İctimai Birliyi Prezidentə təbrik ünvanlayıb

“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri və İctimai Birlik üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə təbrik ünvanlanıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir.

Azərbaycan Respublikasının Prezidenti,
Zat-Aliləri cənab İlham Heydər oğlu Əliyevə

Tarix sübut edir ki, bir xalqın xoşbəxtliyini dayanıqlı təmin etmək üçün on illər boyu dəyişməz, qətiyyətli və ardıcıl siyasi mübarizə gərəkir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Ulu Öndər Heydər Əliyev kimi tanrının xilaskarlıq missiyası ilə göndərdiyi əbədi lideri və Azərbaycan tarixində yeni eranın yol xəritəsini hazırlayan, onu həyatda reallaşdıran bu böyük qüdrətin kursunu sədaqətlə, müdriklə, zamanın tələblərinə uyğun yaradıcılıqla davam etdirən siyasi varisi var.

Zat-Aliləri, Siz təkcə xalqımıza deyil, bütün dünyaya sübut etdiniz ki, Heydər Əliyev yolu Vətənin bütövlüyü, xalqın firavanlığı və dövlətin qüdrətlənməsi naminə alternativi olmayan ən doğru yoldur. Bütün sahələrdə Ulu Öndərin başladığı uğurlu siyasəti qətiyyətlə yerinə yetirən və yetirməkdə davam edən Müzəffər Ali Baş Komandan kimi, 28 illik işğaldan sonra düşmənin beş ilə zəbt etdiyi torpaqları cəmi 44 gün ərzində azad olunmasını təmin etməklə özünüzə əbədiyaşarlıq qazandınız. Bu baxımdan müasir Azərbaycanın əvəzsiz lideri, dünya siyasilərinin də qibtə etdiyi Zat-Aliniz üçün 60 yaş hələ gənclik yaşı hesab edilməlidir.

Lakin elimizin adətincə yaşının üstünə hər yaş gələndə insanın içindən təbrik istəyi keçir. Biz də, ictimai birlik olaraq bu istəkdən yola çıxıb, cənab Prezident, Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun, sağlam ömür, müəyyənləşdirdiyiniz müqəddəs yolda – xalqına, millətinə ucalıq, yenilməzlik və firavanlıq bəxş etmək uğrundakı mübarizənizdə daha böyük zirvələr fəth etməyi arzu edirik. Sizin hər qələbəniz, hər nailiyyətiniz xalqın, ümumən dünyada yaşayan 50 milyonluq azərbaycanlının hər birinin, daha geniş mənada türk dünyasının qələbəsi və nailiyyətidir. Bir milyon keçmiş məcburi köçkünün yurduna dönüşünü təmin edən, ilbəil əldə etdiyi uğurlarla millətin düşmənlərinin yuxusunu ərşə çəkdirən, dostlarının qəlbini qürurla dolduran zəmanəmizin ən böyük fatehinin 60 illik yubileyini təbrik etmək kimi şərəfin bizə də qismət olmasından hədsiz xoşbəxtik!

Tanrı xalqımızı, Vətənimizi və xalqın fateh lideri, Vətənin əvəzsiz sərkərdəsi olan İlham Heydər oğlu Əliyevi qorusun! AMİN!!!

Dərin hörmət və ehtiramla!
İctimai Birlik üzvləri adından,

Təhmasib Novruzov
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə