İLHAM ƏLİYEV FENOMENİ: SİYASİ VARİSLİKDƏN LİDERLİYƏ DOĞRU! Bəhruz Quliyev yazır
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Heydər ƏLİYEV
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti zamanı siyasi varisi İlham Əliyevlə bağlı fikirlərində “Mən ona özüm qədər inanıram” kəlamlarını təhlil etdikcə qarşımızda nəhəng bir reallıq mənzərəsi və nəticələr açılır – təsəvvürünüzə gətirin, qısa müddət (1993-2002) ərzində məhv olan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan, parçalanan, daxili və xarici düşmənlərin əlində məhvə doğru sürüklənən Azərbaycanı ayağa qaldırmaq və onu etibarlı siyasi varisə ötürmək - özü də əsasları hələ kövrək olan, onun möhkəmləndirilməsi üçün üzərində çox işlərin aparılacağı bir dövləti, ölkəni..!
Əslində, Ulu Öndərimiz həmin tarixi kəlamında irəli sürdüyü fikirlərini, öz ifadələrində də əxz etdirib – “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri...”.
Bəli, Azərbaycanın taleyüklü çox işləri hələ tamamlanmamış qalmışdı. İşğal altında inləyən Qarabağ torpaqlarımız, qaçqın və məcburi köçkünlərimizin iztirablı problemləri, Azərbaycanın beynəlxalq aləmdə haqq səsini ucaltması üçün daha münbit şəraitlərin yaradılması, iqtisadiyyat sahəsində artıq yeni beynəlxalq standartların tələb etdiyi yönün formalaşdırılması, xarici siyasətin daha mükəmməl və praqmatik əsaslara tərəf inkişaf etdirilməsi, vətəndaşların sosial-rifahlarının yaxşılaşdırılması üçün sosial layihələrin hazırlanması və tətbiq edilməsi - eləcə də digər yüzlərlə tələblərin realizəsi qarşıda dayanırdı və Heydər Əliyev də məhz bu amil və faktorların öhdəsindən gələ biləcək şəxsiyyətin bilavasitə Onun siyasi varisi İlham Əliyev olacağına özü qədər, hətta daha çox inanırdı. Və bu gün hər dəfə tarixi müraciəti incələyərkən bir daha şahidi oluruq ki, Ulu Öndərin real siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı.
Təbii ki, Uca Yaradanımız tərəfindən dünya xalqlarına nadir hallarda bəxş edilən Heydər Əliyev kimi fenomenal Şəxsiyyətin peyğəmbərcəsinə olan uzaqgörənliyi sayəsində biz bu gün güclü, qüdrətli və ən əsası, qalib Azərbaycanın vətəndaşları olaraq qürurla, başıucalıqla yaşayır, fəaliyyət göstərir, ölkəmizin inkişafı və tərəqqisi naminə çalışırıq - Dahi Öndər Heydər Əliyevin siyasi varisi Mütərəqqi Lider İlham Heydər oğlu Əliyevin vahidliyi, alternativsizliyi altında!
Xalq-Lider tandeminin formalaşması və ondan yaranan mütərəqqilik gerçəkliyi
Təbii ki, bu, həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin qarşısıalınmaz bir gücə çevrilməsinin göstəricisi idi. Ulu Öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, Onun hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi sualı ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünərkən, hər kəs birinci növbədə, Ümummilli Liderin ən yaxın məsləkdaşı və ən sadiq silahdaşı, Onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi - İlham Əliyev haqqında düşünürdü. Eləcə də bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi, bu, həm də onu sübut edirdi ki, hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni baxışlı və novatorluq qabiliyyətinə malik siyasi Lider kimi İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Xüsusilə də, Azərbaycan dövlətçiliyinin saxlanılması və möhkəmləndirilməsi uğrunda aparılan çətin mübarizədə gənc siyasi Liderə və qəhrəmana daha çox ehtiyac yaranmışdı - belə bir məqamda Heydər Əliyev Azərbaycan xalqına öz alternativsiz siyasi varisini - İlham Əliyevi ən mükəmməl şəkildə təqdim etdi və bu etimadlıq və etibarlıq prinsipi özünü dərhal təsdiq etdi. Misal üçün, İlham Əliyev siyasi meydanda çoxdan olsa da, siyasi prosesləri çoxdan izləsə də öz siyasi bilik və bacarıqlarını elə də asan olmayan siyasi dairələrdə nümayiş etdirməyə başladı. İlham Əliyev ilk olaraq millət vəkili kimi Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə Azərbaycan cəmiyyəti Onu Baş nazir kimi qəbul etdi. İlham Əliyev paralel olaraq Milli Olimpiya Komitəsinin Prezidenti və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrini də icra edirdi.
Yeri gəlmişkən, daha bir məqama toxunaraq qeyd edə bilərik ki, Ulu Öndərimizin layiqli varisi İlham Əliyev həm də ona görə ilk addımlarından güclü oldu ki, O, zamanında mükəmməl təhsil alması ilə yanaşı, bir neçə aparıcı xarici dildə sərbəst danışmağı bacarırdı. İlham Əliyev beynəlxalq siyasi və ictimai mədəniyyət faktorları fonunda istənilən çevlələrdə ani təmasa girməyi, digərləri qarşısında özü barədə müsbət imic və sözükeçərlik prinsiplərini formalaşdırmağı dərindən bilirdi və eyni zamanda, dünyanın müasir düşüncə texnologiyalarına ən yüksək səviyyədə yiyələnmişdi. Onunla hər hansı bir diskusiyada, ən çətin müzakirələrdə rəqabət aparmaq heç də asan məsələ deyildi və bu gün də biz həmin reallığı müşahidə edirik. İlham Əliyevin müsahibələri, görüşləri və çıxışları fonunda Onun liderlik keyfiyyətləri isə hər birimizdə sonsuz qürur doğurur, hədsiz fərəh hissləri yaradır. Lakin biz bu barədə məqalənin sonrakı hissəsində daha dərindən təhlillərimizi aparacağıq...
Beləliklə, həmin dövrdə - 2002-2003-cü illərdə Azərbaycanda hakimiyyətə can atan qüvvələrin böyük bir hissəsi, əvvəllər tez- tez deyildiyi kimi, adi bir namizədlik dissertasiyası müdafiə edə bilməmiş aspirantlar, yaxud dissertantlar idilər. Onların nə zamansa sistemli, ardıcıl bir iş görə biləcəklərinə inanmaq mümkün deyildi. Məhz belə bir tarixi şəraitdə Ümummilli Lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli, iradəli hərəkət etmişdisə, 2003-cü ildə İlham Əliyevin Şəxsində öz yeni Prezidentini – yeni Liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi - 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə xalq öz iradəsinə söykənərək Heydər Əliyevin layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Bütün bunların təməlində dayanan əsas mühüm nüanslar isə aşağıda qeyd etdiyimiz məqamlardır.
Beləliklə, bu taleyüklü və böyük hadisə bütün dünyaya göstərdi, sübut etdi ki:
Birincisi, Azərbaycan xalqı Ümummilli Liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə, tərəqqisinə dərindən inanır.
İkincisi, İlham Əliyev ölkə daxilində və beynəlxalq aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir.
Üçüncüsü, yeni Liderinə inanan xalq gələcəkdə milli dövlət quruculuğunun qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində Onun siyasi intellektinə, uzaqgörənliyinə və əyilməz iradəsinə qətiyyən şübhə etmir.
Və ən əsası, sonuncusu - Xalq-Lider tandeminin formalaşması və ondan yaranan mütərəqqilik gerçəkliyi özünü bariz şəkildə isbatlamış olur.
Milli ideologiya təfəkkürünün təntənəsi
Beləliklə, bu tandemlərdən doğan reallıq nəticəsində Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətinin quruculuğunun davamında öz sözünü dedi. Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən, xalq təəssübkeşliyi faktorunun yeni əsaslarını qurdu, türkçülüyə-azərbaycançılığa xas olan mənəvi-əxlaqi dəyərləri gücləndirməyə başladı, Qərb və Avropa ictimai-siyasi modellərinin yalnız xalqımıza, milli dəyərlərimizə xas olan münasib formalarındakı inteqrasiya prosesinə şərait yaratdı. Bütün bunlar isə əlbəttə ki, milli-mənəvi, ideoloji, mədəni, elmi inkişafımıza münbit zəminlər yaratdı. Söz yox ki, bu kimi məsələlərdə İlham Əliyev öz gücünü bilavasitə xalqından aldı və xüsusilə ziyalıların, gənc nəslin Ona olan inamlarını ən ali səviyyədə doğrultmağa başladı.
Əminliklə vurğulaya bilərik ki, Prezident İlham Əliyev türk və islam dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibi olduğunu əməli şəkildə sübuta yetirib. Azərbaycan rəhbərinin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan antihumanist və ədalətsiz kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.
Azərbaycan dövlətinin başçısı kimi İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir və bu birləşmə amilinin təməlində dayanan mühüm faktor milli ideologiya təfəkkürünün təntənəsi olaraq qiymətləndirilir.
2003-cü ildən başlayan tərəqqi prosesi: İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi və rasional varislik modeli
Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən Azərbaycanın hərtərəfli və sürətli inkişaf tarixini yazmağa başladı.
Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi üstünlüyün, hərtərəfli tərəqqinin təməlində də inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da sirr deyil ki, dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin Liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə isə rasional varislik modeli sayəsində mümkün olub. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev siyasi innovasiyalara, dövrün çağırışlarına tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl mükəmməl Lider olduğunu isbatlayıb.
Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Ümummilli Liderin ən layiqli varisi olan İlham Əliyevin 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxşaxəli iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.
Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mənəvi- mədəni əhval-ruhiyyə yüksəlmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.
Ölkədə abadlaşan, şəhərlər, kəndlər, çəkilən yollar, yaradılan təhsil və elm müəssisələri, çoxsaylı müəssisələrdə tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar yaxın gələcəkdə əldə ediləcək növbəti uğurların, qələbələrin və zəfərlərin anonsunu verirdi.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan– Dünya münasibətlərinin zəngin təcrübəsi qazanılmasıdır. Bu isə ilk növbədə, o deməkdir ki, Azərbaycan dünyanın mərkəzi olduğunu sübuta yetirir. Biz bunu ölkəmizdə həyata keçirilən yüzlərlə beynəlxalq tədbirlərdə də müşahidə etmişik və etməkdəyik. Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olması da bütün bunlara dəlalət edir. Bəli, dünyanın aparıcı gücləri öz problemlərini Azərbaycanda həll edir, Azərbaycanın münsiflik rolu sayəsində nəhəng razılıqlar əldə edilir, sazişlər imzalanır, qərarlar verilir. Əlbəttə ki, bütün bunlar İlham Əliyevin siyasi varislik missiyasının təntənəsini isbatlayan tarixi sübutlar, tarixi nailiyyətlər və tarixi həqiqətlərdirlər. İlham Əliyevin Liderlik nümunəsi bir etalona çevrilib və özünəməxsus dinamizmi ilə zənginliyi ilə seçilir.
Qafqaz regionunun Lideri
Azərbaycan rəhbəri İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri sırasında ön sırada dayanmaqdadır və fakt budur ki, Onun razılığı olmadan bu bölgədə heç bir ciddi iqtisadi layihələrə start verilə bilməz. Prezident İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə Ulu Öndərin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi - yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdi ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdi. Təbii ki, bunların da əsasında Azərbaycanın əsaslı inkişafı reallığı dayanır.
Ötən illər ərzində milli iqtisadiyyatımız məhz Onun qətiyyəti və novator idarəçiliyi sayəsində dəfələrlə artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 18 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. Ötən 18 ildə bir tərəfdən mövcud ənənələr müdafiə olundu, digər tərəfdən isə dövlət idarəçiliyinə zəruri novatorluq gətirildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Onun təhtəlşüur zəkasının təcəssümü, milli tərəqqi ideyalarının təzahürüdür.
Müzəffər Ali Baş Komandan, Fateh Sərkərdə!
Ötən 18 ilin ən pik yüksəkliyində söz yox ki, 30 ilə yaxın dövr ərzində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi amili dayanır. Prezident, Müzəffər Ali Baş Komandan, Fateh Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq və qürur salnaməsinə qızıl hərflərlə yazıldı. Dövlətimizin başçısı 200 ildən sonra Azərbaycanın müasir tarixinə elə bir silinməz imza qoydu ki, bu gün bütün dünya həmin reallığı heyranlıqla, qibtə ilə müşahidə edir. Çünki İlham Əliyev fenomeni Azərbaycanı qalib ölkəyə, xalqımızı isə qalib xalqa çevrildi. Nəticədə qazanılmış Zəfər sayəsində arıtq regionumuzda yeni çağırışlar və reallıqlar yaranıb.
Bu xüsusda biz Ordumuzun, Silahlı Qüvvələrimizin sürətli inkişafından danışmaya bilmərik. Belə ki, ötən dövrlər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artırırıldı, Silahlı Qüvvələrin maddi-texniki bazası kifayət qədər möhkəmləndirildi, bu sahədə ardıcıl tədbirlər görüldü və bu gün də həmin tədbirlər görülməkdədir. Məhz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq haqq savaşı başladı və dünyanı ardıcıllıqla heyrətə salan hərbi uğurlar qazanıldı, şəhər və kəndlərimiz düşmən tapdağından azad edildi. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bax, bu məqamda İlham Əliyevin tarixi fikirləri – Ulu Öndər Heydər Əliyevin Ata vəsiyyətini yerinə yetirdiyini vurğulaması hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi.
Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Beləliklə, dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – Müzəffər Sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən Orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.
Lakin Vətən müharibəsi dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
Ötən 18 ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib.
Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Fakt budur ki, Azərbaycan xalqı həmişə, hər zaman öz Liderinə güvənib və inanıb, Ona arxa, dayaq olub. Artıq tam əminliklə vurğulaya bilərik ki, məhz Xalq-Lider möhkəm təməlləri sayəsində Prezident İlham Əliyev Azərbaycanı bundan sonra da öz arxasınca Zəfərlərə doğru aparacaq!
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB