Prezident müsahibədə Qərbə və Brüsselə öz fikirlərini çatdırdı - MÜNASİBƏT BİLDİRİLDİ

Prezident müsahibədə Qərbə və Brüsselə öz fikirlərini çatdırdı - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində əsas diqqət çəkəm məqam bundan ibarət idi ki, dövlət başçısı əvvəllər hansısa qaydada sanki bölgədə rəqabət aparanan və Qarabağ münaqişəsinin həlli sonra isə postmünaqişə dövründə bir-birləri ilə geosiyasi rəqabət aparan Rusiya ilə Avropa İttifaqının artıq vahid bir mövqedən çıxış etdiyini vurğulaması idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı postmünaqişə dövründə regionda əməkdaşlığın dərinləşdirilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində, xüsusilə də nəqliyyat dəhlizlərinin açılması məsələsində, nəqliyyat infrastrukturlarının açılması məsələsində artıq konstruktiv mövqe tutmağa başlayıb: “Azərbaycan Prezidenti bunu vurğulamaqla bir daha qeyd edib ki, indi əsas oyunçular bir növ məhz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər və Ermənistan bu məsələdə təklənib. Ermənistanda bəzi şəxslərin ümidi ola bilsin ki, Avropa İttifaqına idi, Brüssel görüşünə idi. Bu görüşdən sonra məsələnin tam başqa bir məcrada irəliləməsi, yəni Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi müstəvisində getməsi göstərdi ki, Ermənistanın çıxış yolu yoxdu. Azərbaycan Prezidenti əslində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibədə məhz bu məqamı vurğulayıb. Lakin biz əslində buna sevinirik ki, Rusiya ilə Avropa İttifaqı bu müstəvidə əməkdaşlıq kontekstindən çıxış edib.

Bununla yanaşı Azərbaycan Prezidentinin bir sıra çox ciddi iradları oldu. Bu iradlar yenə də Brüsselin müəyyən mənada ikili standartla davranışına yönəldilmişdir. Yəni təcavüzkar ölkə olan Ermənistana 2,6 milyard avroluq dəstək paketi ayrıldığı halda Azərbaycana bu dəstək 140 milyon dollar civarında idi. Azərbaycan bu məsələyə diqqəti yönəltməklə vurğuladı ki, dəstək paketi ən azı eyni həcmdə olmalı idi. Xüsusilə də yeri gələrsə Azərbaycan üçün daha çox vəsait ayrılmalı idi. Ona görə ki, Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayından 3,5 dəfə çoxdur. Digər tərəfdən Ermənistan Azərbaycanın ərazilərini dağıdıb.

Düşünürəm ki, Azərbaycan Prezidenti hələ bir qədər yumşaq münasibət bildirdi. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistanda heç vaxt məcburi qaçqınlar olmayıb, amma Azərbaycanda 1 milyondan artıq şəxs bu statusa sahibdir. Cənab İlham Əliyev bildirdi ki, minalanmış ərazilərin təmizlənməsi istiqamətində Avropa İttifaqı öz dəstəyini göstərsin. Əlbəttə, Azərbaycan özü kifayət qədər iqtisadi baxımdan güclü dövlətdir və Azərbaycanın əməkdaşları çoxdur. Amma istənilən halda Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində yenə də ölkələrə maliyyə dəstəyinin göstərilməsi məsələsində ayrı-seçkilik sözsüz ki, Azərbaycanın haqlı narazılığına səbəb olur. Bu baxımdan məhz Azərbaycan Prezidentinin həmin müsahibədə öz fikrini Qərbə və Brüsselə çatdırması ən əhəmiyyətli məqamlardan biridir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə