Heydər Əliyev irsinin ən layiqli davamçısı - İLHAM ƏLİYEV

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

Aydın Hüseynov, Milli Məclisin deputatı

Hər bir xalqın tarixində önəmli iz qoyan şəxsiyyətlər olub. Azərbaycan xalqı da bəxti gətirənlərdən olub. Onun ən çətin vaxtlarında öz həyatını təhlükəyə ataraq ölkəni bəladan xilas etmək missiyasını öz üzərnə götürən şəxsiyyəti də Tanrı Azərbaycan xalqının qismətinə yazıb. Bəli, bu tarixdir, tarixi də şəxsiyyətlər yaradır. Dövlətin inkişaf yoluna qədəm qoyması üçün məşəqqətli yollardan keçməyi bacaran, ölkəni dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırmaq bacarığına malik olublar. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Azərbaycanın dinamik inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, praqmatik təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı yetişdirmişdir.

Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi.

2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyev qısa müddət ərzində Azərbaycanın yeni dövr üçün prioritetlərini açıqladı və islahatların həyata keçirilməsi üçün çevik mexanizmlər tətbiq etməyə başladı. İlham Əliyev birinci prezidentliyi dövründə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Onun daim xalqın mənafeyindən çıxış etdiyini göstərdi. Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki yenidən qələbə qazanması bir daha göstərdi ki, xalq seçimində yanılmayıb, onun Prezidenti siyasi varisi olduğu müəllimindən, müdrik dövlət xadimindən aldığı dərsi mükəmməl öyrənib. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi İlham Əliyevin prezidentliyinin ikinci dönəmində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxdı. Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxmış siyasi kursun davamlılığının təmin olunması, islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirdi. İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi onun siyasi yetkinliyindən, milli maraqlara maksimum cavab verən siyasətçi olmasından xəbər verir. Təsadüfi deyil ki, İlham Əliyev çıxışlarında daim "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", deməklə insanlarda özünə inamı artırırdı. Vətəndaşlar aparılan islahatların nəticələrini öz həyatlarında hiss etdikcə öz Liderinə olan etimadı gündən-günə artırdı. Bu da Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır. Güclü və çevik iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyətdən keyfiyyət müstəvisinə keçirməyin zəruri olduğunu önə çəkib. Dövlət başçısı ötən 18 il ərzində imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamlarla, qəbul etdiyi çevik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib.

Davamlı olaraq uğur və nailiyyətlərə yol açan vacib faktorlardan birinin də siyasi varislik ənənələri olduğunu qeyd etdik. Bu, əslində hər bir ölkə üçün aktualdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurların təməlində də siyasi varislik prinsipləri var. 2000-ci ildə partiyanın proporsional siyahısına rəhbərlik edən İlham Əliyev YAP-ın qələbəsində həlledici rol oynamaqla, zəruri liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqlədi. İlham Əliyev Milli Məclisin deputatı olarkən Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən parlament nümayəndə heyətinə rəhbərlik edərkən milli maraqları ləyaqətlə qoruyan və daim uca tutan vətənpərvər siyasətçi olduğunu nümayiş etdirdi.

Azərbaycan xalqı da İlham Əliyevin bütün fəaliyyəti dövründə Onun ətrafında sıx birləşərək Heydər Əliyev siyasi kursuna sadiqliyini, Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Uğurların əsasında duran siyasi peşəkarlıq və milli maraqlar

İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişafın təmin edilməsi üçün bir səra əsaslı addımlar atmışdır. Və bütün bunlar yalnız milli maraqların təmin edildiyi şəraitdə effektiv ola bilərdi. Region və dünya ölkələri ilə münasibətdə, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin həyata vəsiqə qazanmasında, neft və qaz kəmərlərinin inşasında, nəqliyyat dəhlizinin açılmasında, digər meqalayihələrin tikintisində Azərbaycan xalqının milli maraqları nəzərə alınmasaydı, etimad mühiti yaranmasaydı Azərbaycan indiki inkişafa sahib ola bilməzdi. Təbii ki, hər bir dövlət ikitərəfli və çoxtərəfli müqavilələrdə ölkəsinin daha çox qazanmasını istəyir. Amma ədalət prinsipinə sadiqlik, qarşı tərəfə sayqının bütün nüanslarda nəzərə alınması dostların sayını artırar və bundan yalnız xalq qazanar. Azərbaycan İlham Əliyevin Prezidentliyi dövründə iqtisadi tərəfdaşlarının sayının artması tendensiyası həm də ölkənin iqtisadi sektoruna cəlb edilən investisiyalarda artımı təmin edib. Təsadüfi deyil ki, indiyədək Azərbaycanda həyata keçirilən layihələrə üst-üstə 250 milyard dollardan çox daxili və xarici investisiya yatırılıb. Bu, əlbəttə gənc ölkə üçüm kiçik rəqəm deyil.

2003-cü ildən bu yana Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib. İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verib.
Bu gün Azərbaycan loqistik mərkəzə çevrilib. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş iri dövlətlərinin ortaq olduğu nəqliyyat dəhlizləri bu gün Azərbaycandan keçir. Çindən Londona uzanan “İpək yolu”nun Azərbaycandan keçməsi ölkəmizin önəmini artırıb. Əlbəttə transit ölkə kimi Azərbaycan külli miqdarda gəlir əldə edir ki, bud a insanlarımızın social problemlərinin və digər məsələlərin həllinə yönlndirilir. Xüsusən Avropa ölkələrində enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit edib. Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.

Verilən vədlər yerinə yetirilib

İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin iqtisadi imkanları atrıb, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqa layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınmadan reallaşdırıla bilməz. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni önəmli rol oynayır. İlham Əliyevin Liderlik keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.
Sabitlik və təhlükəsizlik deyəndə təkcə ölkədə mövcud ab-hava nəzərdə tutulmur, həm də kənar, yad qüvvələrin ölkəmizdə reallaşdırmaq istədikləri antimilli planların həyata keçirilmə cəhdidir. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozur. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qoruyur. İlham Əliyev infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla alıb.

Bəzi qüvvələr, Azərbaycanın inkişafından narahat olan mərkəzlər bu və ya digər şəkildə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa cəhdlər edirlər. Ən son variant kimi “demokratiya” adlı termini yeri gəldi, gəlmədi Azərbaycana qarşı qərəzli şəkildə istifadə edirlər. Ölkəmizdə demokratik cəmiyyətin qurulduğuna heç kim şübhə edə bilməz. Prezident, parlament və yerli idarəetmə strukturlarına (bələdiyyə) keçirilən seçkilər, hakimiyyətin idarə edilməsində demokratik prinsiplərin tətbiqi, insan haqlarını qorunması, hər kəsin azad şəkildə seçkili orqanlarda seçmək və seçilmək hüququnun olması bunu deməyə əsas verir ki, anti-Azərbaycan mərkəzlərinin yanaşması kökündən yanlış və qərəzlidir.

Ölkəmizdə pluralizm, anlaşma, siyasi partiyalar arasında dialoq, birlik nümayişi bəlli dairələrin planlarına uyğun gəlmədiyi üçün reaksiyaları fərqli olur. 44 günlük Vətən müharibəsində siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Əslində son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Siyasi partiyalarının rəhbərləri Ali Baş Komandan, Prezident İlham Əliyevə dəstək göstərməsi və bununla əlaqədar birgə bəyanatların (müraciətlərin) imzalanması təcrübəsi ümumxalq birliyinin təcəssümüdür.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər ğn yerlərdə durur. Demokratik inkişaf yolunda həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olmasını tərəddüdsüz qeyd etmək olar. Hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev şübhəsiz, öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurub. Eyni zamanda, O, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmir, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Prezidentimizin apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə