Ermənistanın manevr imkanları tamamilə tükənib - EKSPERT RƏYİ

Ermənistanın manevr imkanları tamamilə tükənib - EKSPERT RƏYİ

"Brüssel görüşü oduqca konstruktiv mühitdə baş tutub. Bu görüşü Soçi müzakirələrinin davamı kimi də xarakterizə edə bilərik. Çünki Soçidə masaya qoyulan məsələlər Brüsseldə bir daha təsdiq olunub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloqun sözlərinə görə, Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən üçtərəfli müzakirələrin nəticəsində həm kommunikasiyaların açılması, həm də sərhədlərin müəyyənləşməsi ilə bağlı müsbət qərarlar qəbul olunub: "Hər şeydən əvvəl isə Avropa İttifaqının post-münaqişə reallıqlarından çıxış edərək yanaşma sərgilədiyinin şahidi olduq. Bu, son dərəcə önəmli məqam olmaqla, 44 günlük müharibənin yaratmış olduğu geosiyasi reallıqların Avropa İttifaqı tərəfindən tanındığını ortaya qoyur".

C.Əhmədli vurğulayıb ki, Prezident İlham Əliyevin NATO Baş katibi ilə görüşündə də biz oxşar yanaşmaların şahidi olduq: "Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistanın manevr imkanları tamamilə tükənmiş durumdadır. Rəsmi İrəvan artıq hərbi-siyasi provokasiyalarla mövcud vəziyyəti dəyişdirəcəyinə ümid edə bilməyəcək. Soçi və Brüssel görüşlərinin nəticələri bunu nəzərdə tutur. Həm Rusiya, həm də Qərbin sərgilədiyi mövqe Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünə görə İrəvanın mövcud razılaşmalara əməl etməkdən başqa çarəsi qalmır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə