Dövlət qayğısının yüksək nümunəsi: vətəndaşların sosial rifahına hesablanmış daha bir uğurlu addım ŞƏRH

Dövlət qayğısının yüksək nümunəsi: vətəndaşların sosial rifahına hesablanmış daha bir uğurlu addım ŞƏRH

Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət davam etdirildi və tarixi ədalət bərpa olundu, biz doğma Qarabağımıza qovuşduq. Şanlı Qələbə ilə yanaşı, ölkəmizdə bütün sahələr üzrə inkişaf əldə olundu, bütün dünyanı öz ağuşuna almış pandemiya ilə mübarizə fonunda belə əhalinin rifah halı ilə bağlı dayanıqlılıq təmin olundu. Ölkədə həyata keçirilən bütün layihələrin, atılan bütün addımların təməlində isə ölkə iqtisadiyyatının inkişafı dayanır. İqtisadi tərəqqi imkan verir ki, əldə etdiyimiz gəlirləri vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldə bilək. Məhz ölkə Prezidenti İlham Əliyev son 18 illik prezidentliyi müddətində də bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir.

Belə ki, dövlət başçımızın bu günlərdə imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkə vətəndaşlarının həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir.

Bütün görüşlərində, müsahibələrində "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyev hazırda da ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Təkcə başa vurduğumuz ötən il ərzində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial layihələr bunu deməyə əsas verir. Belə ki, 2020-ci ildə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2019-cu ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat, pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 mln. artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir. Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım olub. Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə artaraq ümumilikdə 74,4 min ailə təşkil edib. Sosial cəhətdən həssas təbəqə sayılan müharibə əlilləri və şəhid ailələrinə də 1500-ə yaxın mənzil və fərdi ev verilib. Bununla yanaşı pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub. Bir sözlə, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.

Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat təşkil edəcək. Bu, 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 4,7 faiz çoxdur. Bu yerdə çox vacib bir cəhətə də toxunmaq istərdim. Koronavirus pandemiyasının yayıldığı və neftin ucuzlaşdığı 2020-ci il ərzində 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət etsə də, Azərbaycan onlara qoşulmadı. Ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara kömək üçün müraciət etmədi, buna təşəbbüs də göstərmədi. Çünki bizdə makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlı idi. Burada həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynadı, həm əvvəlki illər ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıdı, həm də 3 il öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malik oldu. Ölkəmiz ümumiyyətlə, borc almaq məsələsinə həmişə ehtiyatla yanaşıb və dövlət başçımız demişkən, xərclərimiz gəlirlərimizi heç vaxt üstələməyib. Bu bir həqiqətdir ki, Azərbaycan son 18 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır.

Qeyd edək ki, növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Həmçinin digər prioritet xərc istiqaməti xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiənin təmin edilməsi xərcləridir. Yəni dövlət büdcəmiz ənənəvi olaraq sosialyönümlü büdcədir. Büdcənin sosial xərcləri 46,4 faizə çatdırılıb və cari illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılaraq 13 milyard 851 milyon manata çatdırılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əmək-haqların, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı yaradılıb və yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 2022-ci il yanvarın 1-dən tətbiq ediləcək. Bir sözlə bu Sərəncam bir daha sübut edir ki, Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Beləliklə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Bütün bunlar, bir daha sübut edir ki, ölkəmizdə sosial siyasətin mərkəzində insan amili dayanır və ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə