“Prezident maraqlarımıza cavab verən qərarların qəbul olunmasına nail oldu” - POLİTOLOQUN AÇIQLAMASI
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloqun sözlərinə görə, təbii ki, səfərin əhəmiyyətini artıran ən vacib məqamlardan biri Azərbaycanın Avropa İttifaqının tribunasından istifadə edərək öz mövqeyini bir daha bəyan etmək imkanı qazanmasıdır.
“Açığını demək lazımdır ki, görüşdən qabaq Avropa İttifaqının və xüsusilə də Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək görüşdən gözləntilər elə də çox deyildi. Çünki bu qurum 44 günlük müharibə dövründə və eləcə də ondan sonrakı davranışlarında daha çox ermənipərəst mövqe nümayiş etdirirdi. Bu baxımdan da görüşdən o qədər də ciddi bir gözlənti yox idi. Amma ortaya çıxan nəticə və bəyanat onu göstərdi ki, cənab President Avropa məkanında belə Azərbaycanın maraqlarına cavab verən qərarların qəbul olunmasına nail oldu.
Əgər müzakirə olunan, eləcə də İlham Əliyev, Şarl Mişel və Paşinyan arasında keçirilmiş görüşün nəticəsi olaraq ortaya çıxan bəyanata baxsaq görərik ki, orda əksini tapmış bütün məsələlər rəsmi Bakının son bir ildə dəfələrlə bəyan etdiyi məsələlərdir. Belə ki, Azərbaycan olaraq mövqeyimiz həmişə ondan ibarət olmuşdu ki, indiyə qədər əldə edilmiş razılaşmalarda, başqa sözlə 10 noyabr, 11 yanvar bəyanatlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsin, kommunikasiyalar açılsın, sərhədlər delimitasiya və demorkasiya olunsun və nəhayət sülh sazişi imzalansın. İndi 14 dekabr bəyanatına baxdıqda görürük ki, rəsmi Bakının üzərində dayandığı bütün sadalanan məsələlər orada öz əksini tapıb. Yəni, qəbul olunmuş bəyanat indiyə qədər əldə olunmuş razılıqları bir daha təsdiqlədi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.
Digər vacib məqam son Brüssel bəyanatında da nə statis mövzusunun, nə də ATƏT-in Minsk Qrupu formatının bərpası ilə bağlı məsələnin müzakirə predmeti olmaması ilə bağlıdır. Bu olduqca ciddi nəticədir və hətta Ermənistan maraqlarından çıxış edən Avropa İttifaqı kimi bir qurumun da bu məsələləri müzakirə predmetinə çevirməməsi ciddi uğurdur.
Brüssel bəyanatında diqqət çəkən daha bir məqam isə ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusunun daxil edilməsi, onların taleyinə aydınlıq gətirilməsi ilə bağlıdır. Məlum olduğu kimi Birinci Qarabağ savaşından sonar Azərbaycanın dörd mindən artıq vətəndaşı hələ də itkin düşmüş hesab olunur və Ermənistan onların taleyi haqda hər hansı bir məlumat vermir. Odur ki, bəyanatda bu məsələnin xüsusi olaraq vurğulanması bizə Ermənistana qarşı əlavə təzyiq imkanları verir.
Nəhayət son görüşdə nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi və dəmir yol xəttinin açılması ilə bağlı razılaşma əldə edildi. Bəyanatda dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunması ilə bağlı müddəanın yer alması özü də Azərbaycan üçün yeni imkanlar açır. Belə ki, hələ görüşdən əvvəl dövlət başçısı İlham Əliyev Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı məsələyə toxunaraq bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi. O bildirdi ki, əgər Ermənistan gömrük postlarının qurulmasında israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Prezident dedi ki, biz hər iki varianta hazırıq, ya hər iki dəhlizdə kömrük olur, ya da heç birində olmur. Bu baxımdan indi bəyanatda dəmir yolunda qarşılıqlı kömrük məntəqələrinin yaranmasının əks olunması bizə Laçın dəhlizində də kömrük məntəqəsi yaratmaq üçün imkanlar açır”, deyə politoloq Yusif Bağırzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB