Müsahibə Azərbaycanın haqq işini dəstəkləməyə bir daha sövq edəcək - MÜNASİBƏT BİLDİRİLDİ

Müsahibə Azərbaycanın haqq işini dəstəkləməyə bir daha sövq edəcək - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə səfərdə olarkən İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı və aktual məsələlərə toxunmuş, Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmişdir. İlk olaraq jurnalistin Azərbaycan-Ermənistan arasındakı son bir il ərzində olan münasibətləri barədə suallarına cavab verərkən Prezident bölgədəki vəziyyətin mənzərəsini tamamilə doğru ifadə edərək göstərmişdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi bitəndən sonrakı dövrdə Ermənistanla münasibətlərin beynəlxalq hüquq müstəvisində ədalətli sülh danışıqları çərçivəsində münasibətlərin tənzimlənməsinin tərəfdarıdır və bu istiqamətlərdə təşəbbüslər aparmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Ermənistan tərəfi hələlik doğru və ardıcıl mövqe nümayiş etdirmir: “Belə ki, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazi bütövlüyünün qarşılıqlı tanınması və ədalətli sülhün digər şərtlərinə Ermənistan tərəfindən adekvat cavab verilmir. Müharibə bitəndən sonra qış aylarının qarlı keçməsi səbəbindən bizim ordumuz 2021-ci ilin aprel-may aylarında sərhədlərimizə gəlib çata bildi. Bundan sonra isə biz əlimizdə olan sovet dövrünün xəritələri ilə öz sərhədlərimizin, əsgərlərimizin qorunması istiqamətində fəaliyyətə başladıq. Bu da Ermənistan tərəfinin narazılığına və müəyyən provakasiyalarına səbəb oldu. Beləki 1990-cı illərdən işğal altında olan torpaqlarımızı özününki hesab edərək bir çox qanunsuz məskunlaşmalar həyata keçirmişdir. Təbii ki, Azərbaycan əsgərləri bunu erməni hərbiçilərinə başa saldılar ki, öz ərazilərinə geri qayıtmalıdırlar. Buna görə də erməni tərəfinin törətdiyi təxribatlara Azərbaycan əsgərinin verdiyi layiqli cavablar da dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində Ermənistanın Azərbaycanın sərhədlərinə qanunsuz müdaxiləsi nəticəsində ermənilərin 30-dan çox hərbiçisi əsir götürülmüş və bir çoxu qaytarılmışdır. Digər tərəfdən Ermənistan daxilində sabitlik olmadığı üçün Azərbaycanla münasibətlərin qurulmasına hazır deyil. Ona görə ərazilərin qarşılıqlı tanınması ilə bağlı təkliflərə hələ də cavab verilməyib.

Digər sual kommunukasiyaların açılması ilə bağlı idi və cənab Prezident buna ətraflı cavab verdi. Üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il bəyanatı ilə müharibəyə son qoyuldu. Bu bəyanatın şərtlərindən biri də kommunikasiyaların açılması idi. Azərbaycan tərəfi qoyulan şərtlərin ardıcıl yerinə yetirilməsini tələb edir. İstər Soçi görüşlərində, istər 11 yanvar 2021-ci il görüşlərində kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizininin işə salınması müddəaları öz əksini tapmışdır, amma Ermənistan indiyə qədər də bu məsələlərə biganə yanaşmışdır. Şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaqdır, avtomobil yolu da Ermənistan ərazisindən keçərək Naxçıvanı Azərbaycanla birləşdirəcəkdir. Amma bunlar nə qədər tez həyata keçirilərsə o qədər də sülhə yaxın olarıq. Azərbaycan öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Ümumiyyətlə bölgədəki münasibətin tənzimlənməsində Avropa İttifaqı Şurasının rolunu da cənab Prezident yüksək qiymətləndirib və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin şəxsi planda töhvələrini yüksək qiymətləndirib. Prezident bildirdi ki, Avropa İttifaqı Şurası və Rusiya bu məsələlərdə bir-birilərinə rəqib deyillər, hər biri ilə əməkdaşlıq etməyə hazırıq. Əsas məqsədimiz odur ki, bölgədə davamlı sülh, ədalət, əməkdaşlıq və tərəqqi üçün müəyyən vəzifələr yerinə yetirilsin. Eyni zamnda Aİ-nin bölgəyə humanitar yardım göstərmək təşəbbüslərini də cənab Prezident yüksək qiymətləndirmişdir.

Digər məsələ isə Avropanın qaz təchizatında Azərbaycanın mövqeyi və rolu idi. İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın əsas qaz təchizatçılarından biridir. Amma heç bir halda Rusiyaya rəqib deyildir. Hər kəsin öz potensial ixrac imkanları var və imkanlar çərçivəsində Azərbaycan öz öhdəliklərini yerinə yetirib, bundan sonra da davam etdirəcək. Azərbaycanın Müdafiə Sənayesinin gücü və miqyası jurnalisti maraqlandıran digər səbəblərdən biri olmuşdur. Cənab Prezident bildirdi ki, bu XXI əsrin müharibəsi idi və indiyə qədər heç bir müharibədə dronlardan istifadə edilməmişdir. Bu dünyada bir ilk idi. Azərbaycan həm İsrail, həm Rusiya, həm Türkiyə, həm də digər dövlərlərlə müasir silahların alınması ilə bağlı əməkdaşlıq edir. Eyni zamanda özü də bu silahların müxtəlif kombinasiyalarını istehsal edir və artıq silah bazarında da Azərbaycan iddialı bir təchizatçı kimi çıxış edəcək. Bütövlükdə bu müsahibə Azərbaycanın mövqeyini bir daha göstərdi. Bu mövqe ədalətli mövqedir. Bu mövqe bütün bəşəriyyəti maraqlandıran mövqedir. Cənab Prezidentin bu müsahibəsi də dünya ictimaiyyətini Azərbaycanın haqq işini dəstəkləməyə bir daha sövq edəcəkdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə