Dünyanın hərbi mərkəzləri Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Dünyanın hərbi mərkəzləri Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycanın milli müdafiə sisteminin formalaşmasında müdafi sənayesi potensialımızın payı danılmazdır". Bu fikirləri SİA-ya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsseldə İspaniyanın “El Pais" qəzetinə verdiyi müsahibəsinə münasibət bildirərkən söyləyib.

Millət vəkili xüsusi olaraq cənab Prezidentin sözügedən müsahibəsində Azərbaycanın müdafiə potensialının Rusiya və İsrail kimi müxtəlif hərbi arsenala malik olan dövlətlərdən alınan silahlar hesabına artırılmasını qeyd etməklə bərabər ölkəmizin müdafiə sanayesinin intensiv inkişaf etməsinin artıq Azərbaycanın istehsal etdiyi silahların dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməsini vurğulamışdır.

Sadiq Qurbanov onu da qeyd etmişdir ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması və inkişaf etməsi məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılmış və nazirliyin infrastrukturu formalaşdırılmışdır. Qısa zaman ərzində Müdafiə Sənayesi Nazirliyinin qanunvericilik bazası formalaşdırılmış, nazirliyin fəaliyyəti üçün hüquqi təminatlar yaradılmışdır. Eyni zamanda onlarla zavod və müəssisələr o cümlədən “İqlim Elmi-İstehsalat Müəssisəsi” , “Sənayecihaz” EİM, “Avia-Aqreqat zavodu”, “Radioquraşdırma zavodu”, “Baki Cihazqayırma zavodu”, “Azon zavodu” nazirliyinin tabeliyinə verilmişdir. Ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyi böyük inkişaf yolu keçmiş müharibə vəziyyətində olan Azərbaycan Respublikasının müdafiə potensialının gücləndirilməsinə öz tövhəsini vermişdir. Müdafiə potensialımızın güclü olması 44 günlük Vətən müharibəsi dönəmində dünyanın diqqət mərkəzinə çevrilmişdir. Dünyanın hərbi mərkəzləri müasir müharibə texnologiyalarını öyrənərkən məhz Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər. Müharibənin aparılmasında sözügedən nazirliyin istehsal etdiyi silahlar da müharibədə öz sözünü demişdir”.

S.Qurbanov 44 günlük müharibənin dünyanın hərbi mərkəzləri tərəfindən maraqla qarşılandığını önə çəkərək dünyanın ən güclü ordusuna sahib olan ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms Mak Konvillin Azərbaycan ordusu haqqındakı fikirlərini xatırladıb. S.Qurbanov deyib ki, adıçəkilən general Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası Amerikanın hərb texnikasında yenilənmənin vacibliyini üzə çıxarıb. O ordumuzun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsini təqdir edərək, ölkəsinin bu ciddi təhlükəyə hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulamasını təsadüfi olmadığını bildirib.

Sonra millət vəkili Müdafiə potensialımızın möhkəmlənməsində Müdafiə Sənayesi Nazirliyinin rolunun danılmaz olduğunun və bu sahədə çalışan çoxminli kollektivin Azərbaycan dövlətinin daimi diqqət və qayğısını ilə əhatə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamını, həmçinin bu günlərdə Milli Məclisdə "Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar qəbul edilmiş qanun layihəsinin dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir.

S.Qurbanov: “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 16 illik yubileyi və müdafiə sanayesi işçilərinin peşə bayramı münasibəti ilə təbrik edir, onlara Azərbaycanın müdafiə sisteminin daha da güclənməsində yeni-yeni uğurlar arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə