Brüssel görüşü: Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklənir TƏHLİL
Prezident İlham Əliyev: “NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik”
Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Azərbaycan mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir. Elə dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü deyilənlərin göstəricisidir. Görüşdə bir sıra önəmli məsələlər, xüsusilə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.
Yens Stoltenberq: “Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub”
“Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik”. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib. Azərbaycanın NATO-nun Əfqanıstandakı sabiq missiyasına mühüm töhfələr verdiyini vurğulayan Yens Stoltenberq deyib: “Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun”. Baş katib deyib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir: “Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”. NATO-nun mənzil-qərargahına gəldiyi üçün Prezident İlham Əliyevə təşəkkür edən Yens Stoltenberq NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.
Şarl Mişel üçtərəfli görüşlə bağlı bəyanat yaydı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Bu, o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.
Aİ Şurasının Prezidenti Şarl Mişelin öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu, o deməkdir ki, Aİ tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək. Münaqişədən əziyyət çəkən insanlara, xüsusilə, reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunur. Bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi deməkdir. Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin, Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Və hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirilib. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin, dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb. Qeyd edək ki, bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.
Azərbaycan Prezidenti: “Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir”
“Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “İstənilən halda biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”, - dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb”.
Bəli, bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə bunu Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə müzakirə olunan mühüm məsələlər bir daha onu göstərir ki, uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir.
Azərbaycan lideri: “Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır"
“Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik”, - dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: "Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması".
Bir sözlə, Brüssel görüşü bir daha Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklədiyini sübut etməklə yanaşı, həm də Azərbaycan-NATO əməkdaşlığı bundan sonra daha da dərinləşəcək. Münasibətlərin perspektivi tərəflər üçün faydalarını artıracaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB