Böyük Zəfərdən böyük dirçəlişə gedən quruculuq yolu - TƏHLİL

Böyük Zəfərdən böyük dirçəlişə gedən quruculuq yolu - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEVİN “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı SƏRƏNCAMI bu sahəyə göstərilən qayğının göstəricisidir

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsi ilə başa çatdı. "Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. Və dövlət başçısı hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır.

Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» imzaladığı Sərəncamı dövlət başçısını bu sahəyə göstərilən qayğısının göstəricisidir. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət?özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

DİRÇƏLİŞ VƏ YÜKSƏLİŞ GEDƏN QURUCULUQ YOLU

Sənəddə, həmçinin bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi və azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyatımız zərər görüb. Amma bu böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına belə təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Belə ki, bu gün statistik göstəricilərinə nəzər yetirsək görərik ki, artıq bir çox sahələrdə yüksəliş də var. Bu nailiyyətlər, əlbəttə ki, Prezident İlham Əliyevin uğurlu siyasəti hesabına əldə edilib.

Bu gün isə qalib dövlət kimi Azərbaycan qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni Milli Prioritetlər müəyyənləşdirib.

BÖYÜK QAYIDIŞ VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ

İkinci Qarabağ müharibəsində şanlı qələbədən sonra yaranan reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir.

Prezident beş prioritetin iki bəndini (işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi) məhz bu istiqamətə uyğun müəyyənləşdirib. Çünki işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlana bilər. Bu iki istiqamətin uğurlu icrası da onu deməyə əsas verir ki, tezliklə Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividendlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yarada bilər. Çünki Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və “yaşıl enerji” kimi sahələrin böyük inkişaf potensialı var. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.

Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq. Eyni zamanda xarici dövlətlərin iri şirkətləri də bu gün işğaldan azad edilmiş torpaqlarda investisiya yatırımına böyük maraq göstərirlər. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayıb.

Qələbəmizdən bir il keçməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərimiz tikinti-quruculuq meydanlarına çevrilib. Bir il uzun müddət olmasa da, azad edilmiş ərazilər tamamilə dəyişib və quruculuq işləri sürətlə davam edir. Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salmaq kifayətdir. Belə ki, bu bir il ərzində Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub. Nəzərə alaq ki, Qarabağın hava qapısı artıq hazırdır. Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq reysləri qəbul etmək imkanına malikdir. Eyni zamanda azad edilmiş ərazilərdə 600 kilometrdən çox avtomobil yollarının salınması və təmiri həyata keçirilir. Həmin ərazilərdə çoxsahəli və genişmiqyaslı işlər aparılır. Digər tərəfdən, Zəngəzur dəhlizinin təməli qoyuldu.

Bir sözlə, məhz Qarabağda hava yolunun açılması, avtomobil yolu və dəmiryollarının inşası, habelə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevriləcək. Ümumiyyətlə, bu gün azad edilmiş ərazilərdə reallaşan bərpa və yenidənqurma işləri həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir təməldir. Azərbaycan quruculuq işlərini davam etdirir. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. İstər Şuşa şəhərində, istər digər rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Artıq Ağdam, Cəbrayıl, Füzulinin baş planları təsdiq edilib. Həmin şəhərlərin salınması, yenidənqurulması ilə bağlı işlər həyata keçirilir. Həmin ərazilərin bərpası fonunda ilin sonuna yaxın məskunlaşma prosesinin başlayacağını müşahidə edəcəyik.

AZƏRBAYCAN PREZİDENTİ: “MƏNİM SÖZÜM İMZAM QƏDƏR QÜVVƏTLİDİR”

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Prezident İlham Əliyev həmişə çıxışlarında “Mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub.

"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.

AZƏRBAYCAN PREZİDENTİ CƏMİ BİR İL ƏRZİNDƏ QARABAĞIN DİRÇƏLİŞİ YOLUNDA BİR ÇOX DÖVLƏTLƏRİN 10 İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİYİ İŞLƏRİ REALLAŞDIRIB

Bu gün görülən işlər göz önünüdədir. Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi bir il öncə Vətən müharibəsi başlayanda Azərbaycan Prezidenti xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

Bəli, bu gün Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir.

Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərin, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2022-ci ildə də yeni-yeni uğurlara nail olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə