Bu yol daim dəyişən, yenilənən dinamik inkişaf yoludur - EKSPERT RƏYİ

Bu yol daim dəyişən, yenilənən dinamik inkişaf yoludur - EKSPERT RƏYİ

“Ölkə başçımızın prezidentlik fəaliyyətinə qiymət vermək üçün onun hakimiyyətdə olduğu illərdə görülən işləri, həyata keçirilən tədbirləri, əldə edilən nəticələri bir-biri ilə əlaqəli şəkildə və bir-biri üçün baza rolunu oynadığını nəzərə alaraq qiymətləndirmək lazımdır. Ayrılıqda görülən bütün işlərə qiymət vermək mümkündür, lakin 2003-cü ildən bu günə qədər daxili-xarici siyasətdə həyata keçirilən tədbirlər demək olar ki, hər biri digəri üçün törəyib. İllər ərzində aparılan xarici və daxili siyasət mərhələlər etibarilə bir-birini tamamlamasaydı, ziddiyətə girsəydi, bu gün əldə olunan nailiyyətləri qazanmaq mümkün olmazdı”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, bu mənada cənab Prezidentin hakimiyyətdə olduğu illər onun 17 ildən sonra əldə etdiyi nəticələrdə bu və ya digər dərəcədə rol oynayıb: “Azərbaycanın sabit daxili və xarici siyasətinin formalaşdırılması və aparılan siyasətin dövlət maraqları ilə aydın şəkildə uzlaşdırılması xüsusi qeyd edilməlidir. Ölkə daxilində sabitliyin siyasi yolları Azərbaycan modeli kimi təqdirəlayiqdir. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunmasında birbaşa bu iş üçün məsuliyyət daşıyan dövlət orqanlarının ciddi şəkildə formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Ona görə də hüquq-mühafizə orqanlarının daha da möhkəmləndirilməsi və onların ölkə qarşısında dayanan vəzifələrin həlli naminə işlək bir mexanizm halında saxlanması çox əhəmiyyətlidir. Ən böyük işlərdən biri də ölkənin ordu quruculuğunda həyata keçirilib. Bu illər ərzində həmişə gördük ki, Qarabağ məsələsində diplomatiya sahəsində cənab Prezidentin atdığı addımlara paralel olaraq həm də ordu quruculuğu sürətlə aparılırdı. Ordu quruculuğunun möhkəmləndirilməsi bəzən fərqli yerlərə yozulsa da cənab Prezident sübut etdi ki, ordunun və diplomatiyanın eyni vaxtda gücləndirilməsi kursu bir-birini tamamlayır, həmçinin qarşıda dayanan problemlərinin üzərinə yerimək üçün iki işlək qanad effekti verir”.

A.Quliyev vurğulayıb ki, dünya eyni vaxtda gördü ki, Azərbaycan sülhsevər missiyanı yerinə yetirərək mövcud problemin sülh yolu ilə həllində maraqlıdır: “Lakin eyni zamanda ordunu gücləndirməklə diplomatik müstəvidə özümüzdən asılı olmayan nəticəsizlik halında başqa bir gücü meydana gətirmək missiyasını gördü. Buna görə də Azərbaycan Prezidentinin həm diplomatik müstəvidə, həm də ordu quruculuğu sahəsində gördüyü işlər son nəticədə bizim cəmiyyətimizin az qala mütləq əksəriyyətinə nəticəsiz kimi görünən Qarabağ probleminin həllinə gətirib çıxardı. Torpaqlarımızın işğaldan azad edilməsi cənab Prezidentin apardığı siyasətin ən böyük nəticələrindən biridir. Torpaqlarımızın qayıdışı həm ölkəmizin gücünü, həm tarixi ədaləti bərpa etdi, eyni zamanda cəmiyyətimizin sabaha və müstəqil dövlətçiliyimizə olan inamını möhkəmləndirdi. Torpaqlarımızın işğaldan azad olunması həm də strateji dövlətçilik əhəmiyyətinə malikdir. Bir sözlə, Azərbaycanın siması dəyişir və dəyişimin son həddi yoxdur. Bu gün gəldiyimiz mərhələ son hədd deyil. Bizim üçün əsas odur ki, İlham Əliyevin daxili və xarici siyasət kursu Azərbaycanı daim dəyişən və yeniləşən bir yolla aparır. Bu yol daim dəyişən, yenilənən dinamik inkişaf yoludur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə