“Osmanqızı TV”-də baş verənlər sadəcə efir xuliqanlığı deyil, cinayətdir - DEPUTAT ŞƏRH ETDİ

“Osmanqızı TV”-də baş verənlər sadəcə efir xuliqanlığı deyil, cinayətdir - DEPUTAT ŞƏRH ETDİ

"Ölkədən xaricdə özünə yuva salmış, xəyanətkar, satqın damğası ilə gəzən “müstəqil bloggerlər”in dağıdıcı müxalifətlə sinxron fəaliyyəti, onların internet televiziyalarının maddi təchizat baxımından geniş imkanlara malik olması bəzi qaranlıq məqamları üzə çıxarır. Bəlli olur ki, Sevinc Osmanqızının timsalında Azərbaycan əleyhdarı olan bəzi dairələrin vahid bir mərkəzdən sistemli şəkildə idarə etdiyi prosesdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, baş verənlər əxlaqi-mənəvi deqradasiyaya uğrayan dağıdıcı müxalifət nümayəndələrinin və “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində məskunlaşan ünsürlərin əsas manipulyasiya alətidir: "Öz çirkin siyasi mübarizəsini yalan, böhtan, təhqir və istehza üzərində qurmuş radikalların tək amacı ölkə daxilində vətəndaş qarşıdurması yaratmaqdır. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözləri yalnız öz dövlətinə və Vətəninə qarşı edilmiş xəyanət aktı deyil, eyni zamanda, üç minə yaxın şəhidimizə qarşı mənəviyyatsızlıqdır. Belə ki, beş dəqiqəlik efir şöhrəti, qalmaqal və “layk” naminə 3 min şəhid ailəsinin evindəki göz yaşlarına səbəb olmuş N.Paşinyanı özünə örnək hesab edən radikallar bütün mənəvi dəyərləri ayaqlar altına atmaqla öz mənəviyyatsızlıqlarını bir daha biruzə verirlər. Sevinc Osmanqızı əslində “Vətənim Azərbaycan” sözlərini demək haqqını itirmiş biridir. Özünün rəhbərlik etdiyi internet televiziyasının canlı efirdə izləyicilərin qarşısında bu sözlərin səsləndirilməsi bilavasitə düşmənə “xəyanətə hazıram” mesajını ötürməkdir. “Osmanqızı TV”-də baş verənlər sadəcə efir xuliqanlığı deyil, cinayətdir. Azərbaycan xalqına və dövlətinə nifrət hisslərini aşılayan bu mənəviyyatsızlar hər bir azərbaycanlı üçün müqəddəs olan mövzulara toxunurlar. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözlərini deyən şəxs insanları açıq şəkildə Vətənə qarşı casusluğa sövq edir. Məhz bu çirkin əməllərinə görə cəmiyyətimiz onları boykot edərək bu xəyanətkarların cəzalandırılmasını tələb etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə