Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib - FOTOLAR

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, qazilər və digər ictimaiyyət nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən müharibəsinin şəhidi baş leytenant Hikmət İldırım oğlu Səfərovun anım günü ilə əlaqədar II Fəxri xiyabanda məzarını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, baş leytenant Hikmət Səfərov Azərbaycanın şanlı tarixini yazmış qəhrəmanlarımızdandır: “Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni məğlub edərək tarixi Qələbə qazandı. Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə layiqli dərsini verərək, onları torpaqlarımızdan qovdu. Əsgərlərimiz, zabitlərimiz qarşılaşdıqları hər maneəni dəf edərək irəlilədilər. Qısa müddət ərzində dünya hərb tarixində görünməyən, yaşanmayan Qələbəni qazandıq. Azərbaycanın ərazi bütövlüyünü, dövlət sərhədini tam təmin etdik. Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir”.

“Şəhidlərimizin siyahısına nəzər yetirdikdə görürük ki, 500-dən çox zabit heyətimiz şəhid olub, bir çoxu isə ağır yaralanıb. Bu onu göstərir ki, bizim qəhrəman zabitlərimiz döyüş meydanında ön sırada olublar” söyləyən R.Quluyev vurğulayıb ki, bu Qələbənin qazanılmasında bütün vətəndaşlarımızın danılmaz xidməti var.

Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev şəhid Hikmət Səfərovun ailəsinə başsağlığı verərək qeyd edib ki, bu qəhrəman zabitimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq: “Gələcək nəsillər onu və digər igidlərimizi ehtiramla yad edəcəklər və gənclərimiz belə qəhrəman əsgər-zabit olmaq üçün çalışacaqlar. Biz heç vaxt bu işğalla barışmadıq. Qarabağımızı, Zəngəzurumuzu ürəyimizdə yaşatdıq. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq göstərirdi ki, Azərbaycan heç vaxt bir qarış torpağını da güzəştə getməyəcək. Əlbəttə, dövlət başçısının apardığı uğurlu siyasət ölkəmizin iqtisadi inkişafı, diplomatik uğurları, beynəlxalq aləmdə mövqeyimizin güclənməsi tərəfdarlarımızın sayını artırdı, eyni zamanda, bizim üçün əlverişli şərait yaratdı. Dövlət başçısı çalışırdı ki, bu problem sülh yolu ilə həll olunsun, torpaqlarımız işğaldan azad edilsin. Amma çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini yerinə yetirmədilər. Onlar bu gün Azərbaycan xalqı qarşısında, bizim şəhidlərimizin ailələri qarşısında üzr istəməlidirlər. Çünki onlar öz mövqesizlikləri ilə müharibənin başlamasına şərait yaratdılar. Əlbəttə, Azərbaycan xalqı heç nəyi unutmur və öz tələblərini daim səsləndirir”.

Deputat Bəxtiyar Əliyev söyləyib ki, döyüşə yollanan hər Vətən oğlu qürurlu idi: “Çünki onlar Vətəni yağı tapdağından azad etməyə gedirdilər. Onlar Xocalının qisasını alırdılar. Oğullarımız azərbaycanlıları qətlə yetirənləri məhv etmək üçün öz canlarını sipər etdilər. Hər bir şəhərimiz, qəsəbəmiz, kəndimiz, çayımız uğrunda mərdliklə döyüşdülər və bütün dünyaya sübut etdilər ki, Azərbaycan Ordusu, əsgər və zabitləri cəsur, qəhrəmandır. Ermənilərin yaratdığı mifi oğullarımız darmadağın etdilər. Azərbaycan Ordusu sübut etdi ki, bu torpaqların sahibi məhz azərbaycanlılardır”.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov çıxış edərkən söyləyib ki, şəhid Hikmət Səfərovun döyüş yoldaşlarını dinlədikcə, keçdiyi yola nəzər yetirdikcə onun nə qədər cəsur zabit olduğuna bir daha əmin oluruq. X.Nəzərov İkinci Qarabağ müharibəsinə qədərki mərhələni xatırladaraq deyib: “ Ermənistan ordusunun 30 ildən artıq istehkam qurğuları yaratmasına baxmayaraq Ali Baş Komandanımızın “Dəmir yumruğu” ətrafında birləşən Hikmət Səfərov kimi zabit və əsgərlərimiz həmin o istehkam qurğularını ermənilərin özləri üçün məzar etdilər. Deyirlər ki, torpaq su ilə qarışanda palçıq, amma qanla qarışanda Vətən olar. Əziz şəhid ailələri, doğmaları nə qədərki sərhədləri bütöv Azərbaycanımız var, bu torpaq üzərində addımlayan hər bir vətəndaş sizin qarşınızda baş əyəcək”.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, bütün Azərbaycan xalqı üçün and yerinə çevrilmiş məkanı ziyarət edirik: “Bu gün Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra bir sıra orden və medallarla təltif edilən baş leytenant, Vətən müharibəsinin şəhidi Hikmət Səfərovun anım mərasiminə toplaşmışıq. İstər Hikmət qardaşımız, istərsə də digər şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini öz qanları ilə yazdılar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Hikmət Səfərov, eləcə də bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq səlnaməsinin həmmüəllifləridirlər. Hər birimiz onların həyat yolunu təbliğ etməli, gələcək nəsillərin bu qəhrəmanlarımızı tanımaları, 44 gündə yazdıqları şanlı qəhrəmanlıq səlnaməsini dərindən öyrənmələri üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik”.

V.Rəhimzadə şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını söyləyərək deyib: “Xalqı, dövləti, Vətəni üçün canını fəda edən insanların doğum tarixi var, ölüm tarixi yoxdur. Şəhidlərimiz bizim qəlbimizdə əbədi heykəl ucaldıblar. Şəhidlərimizin ruhu qarşısında baş əyir, belə igid oğulları boya-başa çatdıran valideynlərə minnətdarlığımı bildirir, ölümün bir addımlığında olmuş qazilərimizə cansağlığı diləyirəm. Başda şəhid baş leytenant Hikmət Səfərov olmaqla şəhidlərimizin valideynlərinə, doğmalarına başsağlığı verirəm”.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, şəhid Hikmət Səfərovun qardaşı Şəmsi Səfərov və şəhidin həyat yoldaşı Gülnarə Səfərova, oğlu Anar çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vətən müharibəsi şəhidi Hikmət Səfərovun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə