Ulu Öndər xalqının qəlbində özünə əbədi heykəl qurub - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi üçün göstərdiyi xidmət ölçüyəgəlməzdir. Zəmanəmizin dühasının Azərbaycan xalqı, milləti və dövləti qarşısındakı misilsiz fəaliyyətini bir sözlə ifadə etmək olarsa, xilaskar sözü düzgün ifadə olardı. O həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi xalqın böyük şəxsiyyətə olan böyük inamı ilə bağlı məsələ idi. Bu inamı şərtləndirən ən mühüm məsələlərdən biri xalqın 1990-cı ildə 20 yanvar faciəsi yaşadığı, başsız qaldığı bir vaxtda Ulu Öndər Heydər Əliyevin bir daha fədakarlıq və cəsarət göstərməsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 21 yanvar yəni, faciənin ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində oldu: “Özünün və ailəsinin həyatını böyük təhlükə altına ataraq bəşəri cinayətə imza atmış Sovet İttifaqı və Azərbaycan rəhbərliyini ifşa etdi. Onları cinayətkar adlandırdı. Bu hadisədən sonra Qorbaçov Ulu Öndər Heydər Əliyevin həbsi ilə bağlı qərar da qəbul etmişdi, lakin həmin qərarı icra etməyə cəsarəti çatmadı. Beləliklə, 1990-cı ildə Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıtdı və xalq onu böyük sevinclə qarşıladı. Artıq 1990-cı il noyabr ayının 17-də Ulu Öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında tarixi əhəmiyyətli qərarlar qəbul edildi. İlk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Naçıvanın dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Respublikası elan edilməsi çox önəmli hadisələr idi. Həmçinin, Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Ali Məclisi oldu və məsələ qaldırıldı ki, Naxçıvanda atılmış addımlar ölkə miqyasında da tətbiq olunsun. Ulu Öndər Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq 1991-ci il fevralın 5-də Azərbaycan Respublika, Ali Sovet isə Milli Məclis adlandırıldı. Bütün bu tarixi nailiyyətlərə Ulu Öndər Heydər Əliyev imza atdı. Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalanda, vətəndaş müharibəsi ilə qarşılaşanda, ərazisi işğala məruz qalanda xalq yenidən yiyəsiz və sahibsiz olduğunu hiss etdi. Bu anda xalq yenə Ulu Öndərə müraciət etdi və 1993-cü ildə iyun ayının 15-dən bizim tariximizə Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyət dövrü başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik və inkişaf illəri kimi daxil oldu”.

E.Nəsirov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən biri də heç şübhəsiz "Əsrin Müqaviləsi"nin imzalanmasına nail olmaq idi: “Ən nəhəng beynəlxalq neft şirkətləri Ulu Öndərin şəxsiyyətinə inandılar və onun adına investisiya qoydular. Azərbaycan iqtisadiyyatı 1996-cı ildən bərpa olunmağa başladı və Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərdi. Azərbaycan 10 il ərzində kökündən dəyişərək regionun ən güclü ölkəsinə çevrildi. Ulu Öndərin siyasətinin mərkəzində dayanan əsas istiqamət torpaqlarımızın işğaldan azad edilməsi idi. Ona görə də ordu quruculuğu məsələləri ön plana keçirildi. Nizami ordu yaradıldı, fərariliyin qarşısı alındı. Elə bir ordu yaratdı ki, onun sayəsində 1993-cü ilin dekabr-yanvar aylarında məşhur Horadiz əməliyyatını həyata keçirdi və Füzuli rayonunun 22 kəndini, eləcə də Horadiz şəhərinin böyük bir hissəsini işğaldan azad etdi. Bütün bu addımlar düşməni məcbur etdi ki, 1994-cu may ayının 12-də atəşkəs sənədi imzalasın. Bununla da Azərbaycan tarixində mühüm dövr başlandı və Ulu Öndər Heydər Əliyev çox dəqiq hesablanmış xarici siyasət kursu həyata keçirdi. Elə bir kurs ki, o çox vektorlu, müstəqil və Azərbaycanın milli maraqlarına söykənən siyasət idi. Dünyanın bir çox ölkələri ilə qarşılıqlı əməkdaşlıq mühiti formalaşdı. Ulu Öndər Heydər Əliyev hansı ölkədə olmasından asılı olmayaraq orada azərbaycançılıq ideologiyasını təbliğ edirdi. O, güclü Azərbaycan dövləti formalaşdırdı və bu dövlətin daha da inkişafı üçün növbəti tarixi addımı ataraq cənab İlham Əliyevi nüfuzlu bir siyasətçi kimi formalaşdırdı. İlham Əliyev Heydər Əliyev siyasətinin ən layiqli davamçısına çevrildi və Ulu Öndərin həyata keçirə bilmədiyi arzularını cənab Prezident həyata keçirdi. Torpaqlarımızı işğaldan azad etdi. Bu gün xalqımız qürurlu və məğrurdur. Ulu Öndər Heydər Əliyev xalqının qəlbində özünə əbədi heykəl qurub və bu gün xalqımız onun cismani yoxluğundan narahat olsa da, təsəllisi odur ki, Azərbaycan etibarlı əllərdədir. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında yer alacaq və o gün uzaqda deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə