"Heydər Əliyev özü elə Azərbaycandır" - ŞƏRH EDİLDİ

“Artıq ölkəmizdə bir ənənədir ki, hər il dekabr ayının ilk günündən qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıqla çağdaş dövlətimizin qurucusu, ulu öndərimiz Heydər Əliyevin əziz və unudulmaz xatirəsini anaraq, bu dahi şəxsiyyətin millətimiz və dövlətimiz qarşısında misilsiz xidmətləri xatırlanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Ulu Öndərin xidmətləri o qədər çoxdur ki, bu haqda saatlarla danışsaq bitməz: “Heydər Əliyev özü elə Azərbaycandır. Onun 40 ilə yaxın ölkəmizə rəhbərliyi dövründə xalqımızın daha nüfuzlu və daha şərəfli millət kimi formalaşmasında müstəsna rolu olmuşdur. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun tükənməz və əbədiyaşar irisi Azərbaycan var olduqca O da yaşayacaqdır. Ümumiyyətlə müasir Azərbaycanın müstəqil dövlətimizin qurucusu olaraq, həm də ölkəmizin bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən ölkəmiz bütün sahələrdə ən ağır böhran içində yaşayırdı. Təkcə onu demək kifayətdir ki, 1992-ci ildə baş verən Xocalı faciəsinə görə, 1991-93-cü illəri Azərbaycanın dövlətçilik tarixinin ən ağır və utancverici səhifələri adlandırmaq olar. Bu illərdə baş verən hadisələrə, xüsusilə də torpaqlarımızın işğal olunmasına, çoxsaylı siyasi, iqtisadi, sosial və humanitar sahələrdəki ağır böhran, cəmiyyətdəki, vətəndaş müharibəsi təhlükəsi, ölkə daxilində, şimalda və cənubdakı separatizm, beynəlxalq aləmdə özünü müstəqil dövlət kimi təsdiq edə bilməməsi kimi problemlərə görə bu dövrü total tənəzzül dövrü də adlandırmaq olar. Elə bir böhran idi ki, həmin dövrdə olan iqtidarın nə biliyi, nə təcrübəsi, nə də peşəkarlığı bu acınacaqlı durumun qarşısında çox aciz idi. Xatırlatmaq istərdim ki, məhz ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələr, erməni təcavüzü, daxili sabitliyin pozulması, hakimiyyətdaxili intriqalar yenicə qurulmuş, kövrək addımlarını atan ölkəmizin müstəqilliyini belə ciddi təhlükə qarşısında qoymuşdu. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız dahi, uzaqgörən siyasi lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətin yaşamasına nail oldu. Ölkəmiz məhz dahi liderin rəhbərliyi altında mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi. Bu gün inamla və əminliklə demək mümkündür ki, müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük əsəridir".

Deputat həmçinin qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdəki yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri haqqında bu gün yüzlərlə məqalələr, monoqrafiyalar, kitablar yazılmış, sözsüz ki, gələcəkdə yazılacaqdır: "Bu məqalədə məqsədim ulu öndərimizin bütün sahələrdə olduğu kimi ölkəmizin sosial siyasət sahəsində xüsusən də, zamanın tələbinə uyğun olaraq bu sahədəki prioritetlərin həll edilməsində əvəzolunmaz xidmətləri haqqında fikirlərimi paylaşmaqdır.

Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi. Bildiyimiz kimi hər dövlətin social siyasəti onun iqtisadiyyatının inkişafından və dövlət idarəçiliyinin ədalətliliyi ilə qiymətləndirilir. Bu mənada ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə humanist və ədalətli social siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi sahədə stabil dövlət siyasətinıni formalaşdırmağa nail oldu. Bu haqda biz onun çıxışlarından da görə bilirik: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist social siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik yaradıldıqdan sonra iqtisadi islahatların həyata keçirilməsinə başlandı. İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi məqsədilə ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi prosesi uğurla həyata keçirildı. Buna görə də Azərbaycan hökuməti tərəfindən social və iqtisadi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi,bu sahədə yeni qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atıldı. Bununla yanaşı, 1993-2003-cü illərdə qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı çox sistemli işlər görüldü. Eyni zamanda həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. İqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı. Qeyd etdiyim kimi, Heydər Əliyev hakimiyyətə gələnədək ölkədə populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasəti xaotik və heç bir sistemliliyi və dayanıqlılığı olmayan, eləcə də konkret hədəfləri və məqsədi olmayan bir öz fəailiyyət idi. Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətinin ən əsas xarakterik cəhətlərindən olan sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, eləcə də, onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə diqqət etsək, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. Müxtəlif kateqoriyalı şəxslərin, daha doğrusu əhalinin həssas qruplarının, xüsusən günümüz və hər birimiz üçün prioritet olan I və II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.

Əslində Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi sosial siyasət bir model kimi elmi-nəzəri əsaslara söykənirdi. Elə bu səbəbdən də bu model bugün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə həm də ildən ilə daha da təkmillləşdirilir. Ulu Öndərimiz sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.

Baxmayaraq ki, 1993-2003 illərdə müstəqil Azərbaycan dövləti özünün yeni, kövrək addımlarını atırdı lakin dövlətimiz özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi. Heydər Əliyevin sosial siyasətinin prioritetləri əsasən pensiya islahatları, güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi, yoxsulluğun azaldılması, sosial müdafiənin gücləndirilməsi, regional idarəetmənin təkmilləşdirilməsi, məqsədli dövlət proqramlarının inkişafının stimullaşdırılması və sosial problemləri yaradan səbəblər aşkarlanaraq aradan qaldırılması idi. Bununla bərabər bu prioritetlərə uyğun olaraq, Milli Qanunvericiliyimizdə güclü hüquqi baza quruldu, social siyasət sahəsində beynəlxalq konvensiya və qətnamələr ratifikasiya olundu. Konstitusiyamız daxil olmaqla, mövcud qanunlarımız təkmilləşdirildi.

Tarixin istənilən mərhələsini, ictimai-siyasi hadisələri tədqiq edərkən ictimai prosesin iştirakçısı və yaradıcısı olan siyasi liderlərdən, dövrün böyük şəxsiyyətlərindən yan keçmək mümkün olmur. Lakin tarixin özünün də sərt tələbləri, şərtləri mövcuddur. Axı zaman keçdikcə hər bir liderə, şəxsiyyətə illərin yaddaşında yaşamaq nəsib olmur. Bu mənada tarixi şəxsiyyətə, siyasi xadimə, onun xidmətlərinə yaşadığı və fəaliyyət göstərdiyi zamandan uzaqlaşdıqca daha dərindən və tam aydınlığı ilə qiymət vermək mümkün olur.

Göründüyü kimi, Ulu Öndərimizin uğurla həyata keçirdiyi sosial siyasətini uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir. Bu mənada əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədalətli social siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, hər bir vətəndaşın rifah içində yaşamasının, Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin və yeni zirvələrin fəth edilməsinin təminatçısı oldu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...