Beynəlxalq Ədalət Məhkəməsi də erməni terrorçularını “müharibə əsiri” hesab etmir - DEPUTAT ŞƏRH ETDİ

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarları sırasında ən vacib məqamlardan biri Ermənistanın “müharibə məhbusları”nın dərhal geri qaytarılmasına dair iddiasının təmin olunmamasıdır. Bu, bir daha onu deməyə əsas verir ki, müharibə başa çatdıqdan sonra Azərbaycanın sərhədlərini pozaraq təxribat törətməyə cəhd edən diversantlar Ermənistanın iddia etdiyi kimi “müharibə əsiri” deyil, terrorçu hesab olunurlar. Digər bir məsələ-Ermənistanın Bakıda Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiasının rədd edilməsidir. Əslində Ermənistanın bu iddiasının heç bir hüquqi-siyasi əsası yox idi. Çünki beynəlxalq təcrübədə də bu cür nümunələr kifayət qədərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, Ermənistanın Azərbaycan tərəfindən guya ermənilərə qarşı törətdiyi “müharibə cinayətləri”nin lazımınca araşdırılmamasına dair iddiası da Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edildi: “Əslində ən qatı müharibə cinayətlərinin müəllifi elə Ermənistan özüdür. Çünki hələ 44 günlük Vətən Müharibəsi zamanı elan olunan humanitar atəşkəs zamanı döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən bölgələrimiz qadağan olunmuş raketlərlə atəşə tutuldu. Mülki əhali bu terrorun qurbanı oldu. Ermənistanın ən çirkin müharibə cinayətlərindən biri isə minalı ərazilərin xəritəsini vaxtında təqdim etməməsi və ya təqdim etdiyi xəritələrin qeyri-dəqiqliyidir. Məhz bu səbəbdən 100-ə yaxın insan mina terrorunun qurbanı olub. Üstəlik, o da aydın oldu ki, Ermənistanın minaladığı ərazilər bütün müharibələrdə olduğu kimi yalnız sərhəd təhlükəsizliyinə xidmət etmir. Burada daha çox mülki əhalinin həlak olmasına yönələn prosesdən söhbət gedir. Bu da Ermənistanın daha beynəlxalq hüquq qarşısında məsuliyyətini artırır. Digər bir məqam-Azərbaycan məğlub Ermənistanı mina xəritələrini verməyə də məcbur və məhkum etdi. Beynəlxalq məhkəmə qarşısında növbəti rüsvayçılıqdan qurtulmaq üçün Ermənistan məhkəmə iclasından bir neçə gün öncə bütün ərazilərin də mina xəritələrini təqdim etdi”.

K.Nurullayeva vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsi eyni zamanda Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi: “Yəni, Ermənistanın, o cümlədən, Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatəti təmin edildi. Ən əsası, məhkəmə Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar ötən ay - oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməlidir. Azərbaycan XİN-in də bəyan etdiyi kimi, Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...