Brüssel görüşündən konkret nəyisə gözləmək yersizdir - POLİTOLOQ ŞƏRH ETDİ

“Brüssel görüşü format sayıla bilməz. Çünki, formatda davamlılıq olmalıdır, qəbul edilmiş sənədlər olmalıdır. Burada isə ancaq görüşdür. Bu görüşün mümkünlüyü demək olar ki, sual altındadır”. Bu sözləri SİA-ya açıqlamasında Fərhad Məmmədov deyib.

“Çünki, Soçi görüşündən sonra Ermənistanın provokasiyaları nəticəsində planlaşdırılan Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Stokholmda görüşü baş tutmadı. Bu onun göstəricisidir ki, Soçi görüşündən sonra hamı pozitiv addımların atılacağını gözləyirdisə, Ermənistanın təxribatları nəticəsində biz hal-hazırkı vəziyyətdə hər hansı bir proqres görmürük. Rusiya Prezidenti Vladimir Putin Soçidə bəyan etmişdi ki, gələn həftə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək və həmin iclasda qərarlar qəbul olunacaq. Halbuki dekabrın 1-də iclas keçirildi və hər hansı bir qərar qəbul edilmədi. Bu da onun göstəricisidir ki, proses hələ də davam edir. Ümumiyyətlə Brüsseldə hər hansı bir sənəd imzalanmayacaq, orada humanitar və sosial-iqtisadi məsələlər müzakirə oluna bilər. Bu da əsasən mina xəritələri ilə erməni diversantlarının dəyişməsi kontekstində ola bilər. Lakin hər hansısa bir qərarların və sənədlərin qəbul edilməsi nəzərdə tutulmayıb. Onu da qeyd edim ki, dünən artıq bir pozitiv addım atıldı, bu addım Ermənistanın son döyüşlər nəticəsində Azərbaycana əsir düşən əsgərlərinin mina xəritələri ilə əvəz edilməsi oldu. Bu proseslərin dinamikası kifayət qədər yüksəkdir. Həm pozitiv, həm də neqativ kontent mövcuddur. Ona görə bu şəraitdə Brüssel görüşündən konkret nəyisə gözləmək yersizdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə