Qarabağın azad edilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, şəxsiyyətin döyüş və mənəvi psixoloji hazırlığının yüksəldilməsi istiqamətində çox böyük və mühüm tədbirlər həyata keçirməyə nail olub". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, ordumuzun döyüş gücünü və qabiliyyətini artırmaq məqsədilə kifayət qədər geniş döyüş texnikalarının və silah sursatları həm alınıb, ölkəyə gətirilməsi, həm də onların yerli istehsalının təşkil edilməsi çox böyük əhəmiyyət daşıyır: "Bütün bunlar cənab Prezidentin fəaliyyəti nəticəsində mümkün olub. Bir çox əmr və sərəncamların imzalanması, o cümlədən 2005-ci ilin dekabrında Müdafiə Sənayesinin yaradılması haqqında imzalanan sərəncam ordu quruculuğunun daha dinamik şəkildə aparılmasına təmin edən sərəncamlardan biri oldu. Qarabağın və ətraf rayonların düşməndən azad olunması üçün aparılan məqsədyönlü və uzunmüddətli fəaliyyətlər 44 günlük müharibədə öz bəhrəsini vermiş oldu. Məhz Qarabağın azad edilməsi cənab Prezidentin adı ilə bağlıdır. Onun və qəhrəman ordumuzun sayəsində Azərbaycan xalqının adı qalib xalqlar sırasına yazıldı".

Ədalət Verdiyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ordunun inkişafı bundan sonra da Ali Baş Komandan üçün prioritet məsələlərdəndir: "Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ordusunda cənab Ali Baş Komandan tərəfindən yeni türk ordu modelinə keçid barədə qərar qəbul edilib. Hazırda bu prosesin həyata keçirilməsi müşahidə olunur. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Ordusunun tərkibi daha da genişləndi. Azərbaycan Ordusu ikitərəfli və üçtərəfli təlimlərdə mütəmadi olaraq iştirak edir. Azərbaycanın hərbi təhsil sistemi kifayət qədər inkişaf edir. Demək olar ki, silahlı qüvvələrimizin peşəkar zabit kadrları ilə komplektləşdirən bütün məktəblər əsaslı şəkildə təmirdən keçirilir. Cənab Ali Baş Komandanın məqsədyönlü fəaliyyətləri nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasındadır. Digər bir tərəfdən isə Ali Baş Komandan öz səriştəli siyasəti nəticəsində Ermənistanı regionda dalan vəziyyətinə salmağa nail olub. Hazırda böyük dövlətlər arasında Ermənistanı Qarabağ məsələsində dəstəkləyən bir dövlət tapmaq mümkün deyil".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə