İran-Azərbaycan münasibətlərində yeni bir istiqamət açıldı - MÜNASİBƏT BİLDİRİLDİ

“Əslində Azərbaycan ilə İran arasında münasibətlərin kəskinləşməsinin əsas səbəbi AXC-nin hakimiyyəti dövründə baş verib. Çox təəssüf ki, bu münasibətlərin acısını biz çəkdik. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu münasibətlər bir qədər yumşalmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, sonradan İranda bəzi qüvvələr kimlərinsə tapşırığı ilə birmənalı şəkildə Ermənistanı dəstəkləməyə başladılar və Ermənistan üzərindən işğal olunmuş Azərbaycan torpaqlarından gəlir götürmək məqsədi ilə İran dövlətini buna sövq etdilər: “Əslində İranın dövlət səviyyəsindəki bütün məmurları Azərbaycanla qarşıdurmada maraqlı deyildilər. Çünki hakimiyyətdə olanların içərisində kifayət qədər azəri türkləri var idi. Onlar münasibətlərin qonşuluq və əməkdaşlıq səviyyəsində olmasına maraq göstərirdilər. Amma bu münasibətlər İranla sərhəd ərazilər azad edildikdən sonra yenidən pozulmağa başladı. İranda bəzi qüvvələr bunu daha yüksək kuliminasiya nöqtəsinə çatdırmağa çalışdılar. Ona görə də Azərbaycan tərəfi də öz haqlı narazıçılığını gündəmə gətirdi. Azərbaycanın siyasi elitası çox ciddi şəkildə İrandakı neqativ hadisələrə münasibətlərini bildirdilər. Azərbaycan Prezidenti bu məsələlərdə İranın qarşıdurma yaratmaq istəyən bəzi qüvvələrini açıq tənqid etdikdən sonra İran gördü ki, bölgədəki ən yaxın qonşusunu itirmək üzrədir. Son bir ay ərzində İran öz mövqeyini dəyişməyə başladı. Bu da təbiidir, çünki ağıllı dövlət başçıları qonşularla problem yaratmaqda maraqlı deyillər. Çünki onlara ən böyük təhlükə elə həmin qonşulardan gələ bilər. Ona görə İranın yeni prezidenti bu məsələlərdə müsbət rol oynadı. Cənab Rəisinin hakimiyyətə gəlməsi İran-Azərbaycan münasibətlərində yeni bir istiqamət açdı.

Aşqabadda keçirilən 15-ci Zirvə toplantısında İran-Azərbaycan görüşü də bundan xəbər verir. Görüşün həddən artıq diplomatik səviyyədə və isti münasibətlər səviyyəsində keçməsi təbii ki, iki ölkə arasındakı münasibətlərin yumşalmasına gətirib çıxardı. Azərbaycan daxilində bəzi qüvvələr də var ki, müxtəlif sosial şəbəkələrdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlıdırlar. Daha doğrusu bu hadisələri gündəmə gətirirlər. Bu daha çox ayrı-ayrı dini təriqətlərlə bağlı olan xaricdən maaliyələşdirilən qruplar tərəfindən həyata keçirilir. Yəni Azərbaycan multikultural dövlətdir, həmçinin Azərbaycanda dinə də böyük hörmət var. Amma dini ayrı-seçkiliyə biz yol verə bilmərik. Bu bizim üçün çox həhlükəli bir meyildir. Bizi məhz bu müstəvidə zəiflətməyə çalışdılar. Cənab Prezident İlham Əliyevin yürütdüyü ağıllı siyasət onların planının üzərindən xətt çəkdi. Prezident İranla münasibətlərin qonşuluq və əməkdaşlıq çərçivəsində irəliləməsini istəyir. Mən inanıram ki, Azərbaycan və İranın dövlət məmurları, dövlət orqanları arasında bu münasibətlər tezliklə daha yaxşı məcraya keçəcək. Bu Azərbaycanın da, İranın da maraqlarına uyğun olduğu üçün hər iki tərəf bu münasibətlərin yaxşı irəliləməsi üçün əlindən gələni etməlidirlər. Əvvəl Azərbaycan torpaqları işğal altında olduğu zaman İranın bəzi qüvvələri qeyri-səmimi hərəkətlər edirdilər. İnanıram ki, bu münasibətlər hər şeyi yoluna qoyacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə