Zəngəzur dəhlizinin açılmasını regionda olan dövlətlər də dəstəkləyəcək - KOMİTƏ SƏDRİ AÇIQLADI

“Azərbaycanın yaratdığı yeni reallıq regionun siyasi simasını dəyişdirməklə yanaşı, regionun özünün həm goesiyasi, həm də real iqtisadi mənzərəsini də dəyişdirəcək. Bu o deməkdir ki, Azərbaycanın nəzərdə tutduğu layihələrin hamısı həyata keçiriləcək və artıq keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Qarabağın dirçəlməsi, yenidən qurulması, dünyaya mirvari kimi işıq saçması və ümumiyyətlə bu istiqamətdə görülən işlər artıq bir reallıqdır: “İkincisi Qarabağ ilə regionda olan başqa dövlətlərlə münasibətlər də bu gün Azərbaycanın yaratdığı reallıq əsasında formalaşır. Ermənistan artıq məğlub olmuş, kapitulyasiya aktını imzalayan dövlətdir və reallıqları qəbul etmək məcburiyyətindədir. Bu reallıqların içərisində Zəngəzur dəhlizi də mövcuddur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın istəyinə əsasən bütün regionda olan ölkələrə də xeyir gətirən bir layihədir".

Səməd Seyidov sözlərinə davam edərək həmçinin qeyd edib ki, Soçidə baş tutmuş görüşdə Rusiya prezidenti Vladimir Putin dəhliz ifadəsini dəfələrlə təkrar edirdi: “Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmaması üçün müqavimət göstərir, provakasiyalara əl atır. Amma bunların hamısı sadəcə məğlub olmuş tərəfin məğlubiyyəti qəbul etməməyindən gəlir. Ancaq qələbə o dərəcə təsirlidir ki, Zəngəzur dəhlizi də açılacaq, Azərbaycanın bütün başqa layihələri də həyata keçiriləcək. Bunu təkcə Azərbaycan yox, həmçinin regionda olan dövlətlər də dəstəkləyəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə