Soçidən Aşğabada – Brüsselə ehtiyac varmı? SİYASİ RAKURS+ÖZƏL

Son günlər baş verən siyasi proseslər bir-birini tez-tez əvəzləməkdədir və onların əsas çoxluğunun Cənubi Qafqaz regionunda cəmləşməsi də sirr deyil. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi Soçi görüşü regional siyasətə yeni dinamika verdi. Ola bilsin ki, bu görüş regionla maraqlanan ictimai rəyə kifayət qədər balanslı və ümumi xarakter təsəvvürünü yaradır, amma bağlı qapılar arxasında tərəqqinin əldə edilməməsinə kimsə zəmanət verə bilməz. Tərəflərin mətbuat üçün verdikləri bəyanatları isə mühüm razılaşmaların əldə olunmasına şahidlik edir, xüsusilə, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı...

İlham Əliyev Nikol Paşinyanın “şirəsini” məhz Soçidə sıxacağıydı, özü də Vladimir Putinin gözü qarşısında!

Nikol Paşinyanın israrlı müqavimətlərinə baxmayaraq onun razılaşmaqdan başqa çarəsi də qalmamışdı və əvvəl-axır Bakı ilə Moskvanın qarşısında boyun əyməliydi. Məhz bu mənada Soçi görüşünə qədər baş verən prosesləri bir daha xatırlamaq olar: Əvvəlcə Paşinyan Putinlə və Əliyevlə noyabrın 9-da keçirilməsi dəqiqləşdirilmiş görüşü pozmağa nail oldu və bunu “ağır assosiasiyaları” bəhanəsi ilə əlaqələndirdi. Paşinyanın noyabrın 23-də, Ermənistanda sosial şəbəkə vasitəsi ilə keçirdiyi onlayn mətbuat konfransında dediyi kimi, o, Rusiyaya və Azərbaycana görüşü 16 noyabrda keçirməyi təklif edib, lakin bu tarixdən sonra da bir sıra zəncirvari olaylar yaşandı ki, həmin görüşün keçirilməsi mümkünsüz göründü.

Noyabrın 13-də erməni terrorçusu Norayr Mirzoyanın Şuşada hərbi xidmət aparan Azərbaycan əsgərlərinin postlarına qumbaralı hücumu baş verdi.

Noyabrın 14-də isə artıq Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının nəzarətləri altındakı Qarabağ bölgəsinə qanunsuz səfəri baş tutdu ki, orada separatçı-quldur rejimin rəhbərləri ilə görüşlər keçirdi. Elə həmin gün sərhədin Laçın istiqamətində, Qaragöl tərəfdə mövqelənən azərbaycanlı postları üçün təminat yolu hesab edilən ərazinin bağlanılmasına cəhd göstərildi. Ancaq erməni tərəfinin səriştəsizliyi və səbatsızlığı bu dəfə də özünü çox gözlətmədi. Törətdikləri təxribat nəticəsində elə 60 nəfərə qədər erməni hərbçilərinin özləri mühasirəyə düşdülər. Onları əsir düşmək, yaxud məhv edilmək aqibətindən isə yalnız rus diplomatlarının işə qarışmaları xilas etdi.

Daha sonra -16 noyabr tarixində Ermənistanla Azərbaycan arasında yenə də erməni tərəfinin aşkar təxribatı nəticəsində silahlı qarşıdurma yaşandı və hər iki tərəf itkilər verdi, xüsusilə, düşmən tərəfinin itkiləri kifayət qədər oldu, üstəlik, təxribatçıların bir qismi də Azərbaycan hərbçiləri tərəfindən saxlanıldılar.

Bunun ardınca müəyyən mövqe dəyişiklikləri də baş verdi və həmin dəyişikliklər ermənilərin sərhədyanı vəziyyətlərini ağırlaşdırdı.

Belə bir fonda Nikol Paşinyanın siyasi komandası vəziyyətdən çıxmaq üçün diplomatik cəhdlər göstərmələri yerinə Rusiyaya və KTMT-yə qarşı ittihamlar yağdırmağa başladılar. Üstəlik, Rusiyanən dövlət başçısına verdiyi vədini tutmaması və görüşlərdən qaçması azmış kimi, Paşinyan Avropa İttifaqının rəhbəri Şarl Mişellə əslində separat xarakterli danışıqlara getdi, bu vasitə ilə Azərbaycanı danışıqlar prosesinə Qərb meydançasına tərəf cəlb etməyə çalışdı. Məhz Mişel üzərindən Paşinyan İlham Əliyevlə dekabrın 15-də Brüssel görüşünün keçirilməsini razılaşdırdı. Təbii ki, Kreml ona qarşı oynanılan sabotajlı oyunu kənardan izləyə bilməzdi və Moskva çox gözlətmədi də. Vladimir Putinin Nikol Paşinyanla qısa, lakin təkidli telefon rabitəsindən sonra Soçidə görüşün keçirilməsi barədə qərar qəbul edilir. Ancaq bu dəfə 23 noyabrda Paşinyanın yuxarıda qeyd olunmuş onlayn mətbuat konfransını keçirir, üstəlik qarşıdan gələn Soçi görüşünü pozmağa çalışır. O, bir sıra destruktiv tezislər səsləndirir ki, burada əsas məqsədi kimi Soçi görüşünün keçirilməsinə əngəllərin yaradılmasına cəhdlər göstərir. Ancaq hər şeyə rəğmən, Bakı öz soyuqqanlığını saxlayır, Paşinyanın danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlarını inkar edir. Təbii ki, Bakının apardığı siyasətinin də öz məqsədləri var idi – İrəvanı küncə sıxışdıraraq tələb edilən şərtlərə əməl etdirmək. Daha dəqiq desək, İlham Əliyev Nikol Paşinyanın “şirəsini” məhz Soçidə sıxacağıydı, özü də Vladimir Putinin gözü qarşısında. Və...

Və belə də oldu. Soçidəki üçtərəfli bəyanatda nə “Qarabağın statusu” haqqında danışıldı, nə ATƏT-in Minsk qrupu xatırlandı, nə də “Ermənisatanın ərazi bütövlüyünə müdaxilənin edilməsi” barədə bir kəlmə də olsun bəhs olunmadı. Paşinyanın inadla dedikləri fikirlərinin, səsləndirdiyi ittihamlarının hər birinin üzərindən çalın-çarpaz xətlər çəkildi. Amma bütün bunların yerinə sənəddə konkret layihələrin qısa zamanda reailzəsi, həyata keçirilməsi məsələləri barədə danışılır, habelə sərhədlərin delimitasiyası və demarkasiyası tələbləri. Bunu isə Bakı ilə Moskva tələb edirdi.

KTMT bir, Tehran və Aşqabad isə digər tərəflərdən Ermənistana ağır zərbələr endirdi

Erməni tərəfi üçün xoş olmayan xəbərlər bununla da baş çatmadı. Türkmənistanın paytaxtı Aşqabadda - İqtisadi Əlaqələr Təşkilatının (İƏT-in) 28 noyabrda keçirilən XV Zirvə Toplantısında bu qurumda təmsil olunmayan Ermənistanı yeni sürprizlər gözləyirdi. İƏT-in yekun bəyannaməsində təşkilata üzv ölkələr Azərbaycanı torpaqlarını erməni işğalından azad etməsinə, ərazi bütövlüyünü bərpa etməsinə və Qarabağ müharibəsindəki zəfərinə görə təbrik etdilər. İrəvan üçün ən acınacaqlısı bu oldu ki, bəyannaməni imzalayan ölkələrin içində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təmsilçiləri də yer aldı. Qazaxıstan, Qırğızıstan, Tacikistan, habelə orada təmsil olunmayan İran prezidentləri bəyannaməyə tarixi imzalarını atdılar.

İrəvan üçün “Bakı-Ankaraya qarşı mübarizə” məsələsində ən xoşagəlməyən fakt isə son anlara qədər “stavka” etdiyi Tehranın verdiyi qərarları oldu. Noyabrın 28-də İlham Əliyevin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə ildə 2 milyard kubometr türkmən qazının İran üzərindən Azərbaycana nəql olunması barədə razılığa gəlmələri rəsmi İrəvanın sözün əsl mənasında “cızdağını” çıxardı. Söz yox ki, bu qərar Ermənistanın diplomatik mövqelərinə vurulan ən ağır zərbələrdən biri oldu. Bakı və Tehran faktiki olaraq bir-birlərinin arasındakı elə də sadə olmayan, hətta bəzi hallarda həll edilməsi mümkünsüz görünən yükü kənara atmağı bacardılar, münasibətlər kontekstində yeni səhifə açdılar. Belə ki, İran üzərindən türkmən qazının nəqli Bakının potensial rolunu artırır və o, Tehranla birlikdə Avropanın enerji təhlükəsizliyini təmin edir – Avropa Azərbaycanla və İranla bir sıra siyasi məsələlərdə hesablaşmalı olacağını artıq dərk edir. Xüsusilə, Brüsseldə keçiriləcək görüşdə Ermənistanın şikayətlərinin nə dərəcədə eşidiləcəyi artıq sual altında qalmış olur.

Rusiya-erməni universitetinin professoru Vaqe Davtdyan: “Bizim gözlərimiz qarşısında Xəzər-Qafqaz regionunun dərin transformasiyası prosesi baş verir ki, Ermənistan yenidən xıdralanmış pul kimi istifadə olunur”

Yeri gəlmişkən, Rusiya-erməni universitetinin professoru Vaqe Davtdyan cərəyan edən hadisələri belə şərh edir: “Tehran və Bakı illik 2 milyard kubometr həcmində Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli barədə sənədə imza atıblar. Bizim gözlərimiz qarşısında Xəzər-Qafqaz regionunun dərin transformasiyası prosesi baş verir ki, Ermənistan yenidən xıdralanmış pul kimi istifadə olunur. İran-Azərbaycan arasında belə bir sənədin imzalanması kiçik məsələ, ya da texniki diversifikasiya deyil. Bu, tərəflər arasında qurulan strateji siyasətin nəticələridir ki, həm də qarşılıqlı dayanışma vasitəsi kimi də istifadə olunacaq. Və əgər nəyin baş verdiyini aydınlaşdırsaq görünən budur ki, regional oyunçular “Şimal-Cənub” (hansı ki, mən bu barədə minimum 2017-ci ildən yazıram – V.D) nəqliyyat-energetika logistikası ilə bağlı razılığa gəliblər”.

Erməni professorunun qiymətləndirməsinə görə, bu olay Ermənistanın regiondakı mövqelərinə neqativ effektlər verəcək.

Həqiqətən də bu gün Ermənistan özü-özünü çox təhlükəli vəziyyətə tərəf qovub. Klassik müttəfiqləri (Rusiya və KTMT) ilə münasibətləri qeyri-uzaqgörənlik səbəbindən dağılıb, erməni xarici siyasəti uğursuzluğa düçar olub.

Ermənistanın “3+3” platformasına qatılmasından başqa çarəsi də qalmır

Azərbaycan-İran münasibətlərində gərginliyin yaranmasından istifadə etmək cəhdləri də uğursuz oldu. Və Bakı ilə Tehranın mühüm siyasi-iqtisadi razılıqlara gəlmələri buna sübutdur. Bircə ümid qalır Qərbə, amma orada da hər şey eyni müstəvidə və birmənalı deyil: Avropa İttifaqı və ABŞ uzaqdadırlar və onlar bizim regionda nəyi isə həll etmək marağında da deyillər, onların maraqları bir çox hallarda energetika və nəqliyyat komponentləri ilə əlaqəlidir və bu məsələdə də bütün kozırlar məhz və məhz Bakıdadır!

Belə görünür ki, Ermənistanın yalnız regional oyunçuların iştirakı ilə mühüm regional məsələləri həll etmək iqtidarında ola biləcək “3+3” platformasına qatılmasından başqa çarəsi də qalmır. Belə şəraitdə ATƏT-in Minsk qrupunun, “Şərq tərəfdaşlığı”nın və s. başqa qərb mexanizmlərinin Cənubi Qafqaza təsir mexanizmləri aktuallığa çevrilir. Bu zaman Ermənistanın son seçim etmək vaxtıdır və İrəvan regional kooperasiyanın xeyrinə, eləcə də qonşularına qarşı ərazi iddialarına son qoymalıdır və hələ ki, buna vaxtı var.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə