Azərbaycan əməkdaşlığa açıq ölkədir

Azərbaycanın xarici siyasəti - Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan müstəqillik illərində həm dünyanın əksər ölkələri ilə, həm də beynəlxaq təşkilatlarla sıx əlaqələr qurub. Bu əlaqələr, bu və ya digər ölkələrlə iqtisadi-ticari, eləcə də, siyasi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq bu gün də uğurla davam etməkdədir. Şübhəsiz ki, Azərbaycanın dünyaya inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə bağlı çoxşaxəli siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Cənab İlham Əliyevin prezidentliyi dövründə isə istər ayrı-ayrı ölkələrlə, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr nəinki davam etdirilib, hətta daha da genişləndirilib.

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.

Respublikamızın bütün sahələrdə sürətlə inkişaf etməsi rəsmi Bakıya eyni zamanda xarici siyasət sahəsində də qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı vermişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır. Balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. "Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır" - deyən cənab İlham Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla İran, Rusiya, Çin və digər dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa yönəlmiş səyləri Qərbdə hər hansı qıcıq doğurmur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə ölkəmizin bununla bağlı qətiyyətli mövqeyini bir daha ifadə etmişdir: "Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaqdır. Çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə, bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq". Prezident İlham Əliyev bu il oktyabrın 2-də İspani-yanın EFE informasiya agentliyinə müsahibəsində də bu barədə, eləcə də, Azərbaycan qazının Avropaya ixracı haqqında danışıb. Dövlətimizin başçısı deyib ki, biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır: “Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən, alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq”.

Prezident bildirib ki, Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün, ən azı, 100 ilə kifayət edər. Hazırda ölkəmiz yeni yataqların kəşf edilməsi mərhələsindədir. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır: “Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”. Azərbaycan son iki ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edib. Təşkilata 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.

Azərbaycan Paris İqlim Sazişini ratifikasiya edib, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürüb. Bununla yanaşı, ölkə Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırır. Prezident vurğulayıb: “Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. 240 meqavat gücündə bu günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm”. Azərbaycanın beynəlxalq əlaqələri, təbii ki, bununla məhdudlaşmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq əlaqələri, bununla yanaşı, nüfuzu da artacaq, bizimlə əməkdaşlıq etməyə can atan ölkələrin sayı çoxalacaq.

Xəyalə Eminova

Xəzər rayonu, F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə