“Soçidə imzalanan yekun bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir” POLITOLOQ ŞƏRH ETDİ

“Bəyanatın mətnində "Dağlıq Qarabağ" adlı problem, onun statusu və yaxud münaqişə ilə bağlı bircə kəlmə belə yoxdur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq xüsusilə vurğulayıb ki, başqa sözlə, ermənilərin status xülyaları artıq danışıqlar gündəmindən tamamilə çıxarılıb.

“Sənəddən də göründüyü kimi əsas aktual məsələlər regional təhlükəsizlik, sülh və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası ilə bağlıdır. Bir sözlə, münaqişənin başa çatdığı barədə reallıq artıq dünya gücləri tərəfindən qəbul edilir. Status isə cəhənnəmdədir! Ümumiyyətlə, bəyanatda Qarabağ kəlməsindən istifadə olunmaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin qəbul edilməsi kimi dəyərləndirilə bilər.

Soçi razılaşması Azərbaycanın haqlı tələblərini təmin edəcək sülh razılaşmasına doğru mühüm addımdır. Hər hansı bir ön şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıbdır. Son günlər Ermənistan hakimiyyətinin ətrafında spekulyasiyalar yaratmağa çalışdığı Zəngəzur dəhlizi məsələsinə də nöqtə qoyulub. Rusiya Prezidenti Naxçıvan MR ilə Azərbaycanın qərb rayonlarını birləşdirən kommunikasiya xətlərini dəhliz kimi xarakterizə edərək rəsmi İrəvanı fakt qarşısında qoyub. Yekun sənəddə erməni tərəfinin mütəmadi olaraq qabartdığı əsir və ya girovlar məsələsinə yer verilməməsi də bu kontekstdən dəyərləndirilməlidir. Bütün bunlar isə onun nəticəsidir ki, Azərbaycan dövləti güclü strateji diplomatiya həyata keçirməklə öz maraqlarını Moskvanın maraqları ilə uzlaşdırmağa nail olub”, deyə politoloq Ceyhun Əhmədli deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...