“Azərbaycan istədiyinə nail oldu” - ŞƏRH

“Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş üçtərəfli görüş baş tutdu. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan tərəfi məhz bu üçtərəfli görüşdən yenə də diplomatik qalibiyyətlə çıxmış oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, burada ilk növbədə qeyd etməliyik ki, cənab Prezident Soçi səfərinə çox təmkinli, qətiyyətli və çox da rahat gedirdi: “Çünki Azərbaycan tərəfi ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün maddələrini icra etmiş, o cümlədən də bu görüşə həm haqlı və ədalətli tərəf kimi, həm də bölgədə sülhün və əmin-amanlığın bərqərar olması üçün bütün addımlarını atan bir dövlət kimi getdi. Həm ikitərəfli, həm üçtərəfli görüş, həm də mətbuat üçün verilmiş açıqlamalar bir daha onu göstərir ki, məhz Azərbaycan istədiyinə nail oldu. Bu görüşdə sərhədlərin müəyyənləşdirilməsi üçün qərar qəbul olundu. Eyni zamanda Rusiya prezidentinin də qeyd etdiyi kimi artıq sülh müqaviləsinin imzalanmasını tez bir vaxta həyata keçirmək lazımdır.

Rusiya prezidentinin mətbuat konfransında Zəngəzur dəhlizinin açılması məsələsinə toxunması birmənalı olaraq onu göstərir ki, bu məsələyə Rusiya Azərbaycan kimi konstruktiv mövqe nümayiş etdirir və Rusiya Zəngəzur dəhlizinin tez bir zamanda açılmasının tərəfdarıdır. Bütün hallarda biz bir daha gördük ki, Azərbaycan tərəfi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə diplomatik qələbə qazandı”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə