"Soçidə imzalanan bəyanat Azərbaycanın mövqeyini tam şəkildə əks etdirir" - MÜNASİBƏT

“Dünən imzalanan Bəyanat Azərbaycanın mövqeyini tam şəkildə təmin edir” Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüşü və imzalanmış bəyanatı şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi: "Belə ki, Soçi görüşü mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi baxımından olduqca məhsuldar oldu və nəticə olaraq imzalanan bəyanat da Azərbaycanın mövqeyini tam şəkildə əks etdirir.

​Görüşdə Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasına, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə edildi və qərara alındı ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə ciddi riayət olunsun. Ermənistanın əvvəl imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də tam olaraq icra etmədiyini nəzərə alsaq bu məqamın yenidən Soçi Bəyanatında əks olunması uğur sayıla bilər və bizim maraqlarımıza tam olaraq cavab verir.

Görüşdən öncə də müzakirəsini gözlədiyimiz digər vacib məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi ki, bu məsələ ilə bağlı da konkret qərar qəbul olundu və sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlindi. Dövlət başçımız da bir daha diqqətə çatdırdı ki, Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır.

Heç şübhəsiz ki, nəqliyyat və kommunikasiyaların açılması da ən mühüm məsələlərdən biri olaraq müzakirə edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Bu məsələ ilə bağlı xüsusi diqqət çəkən məqam odur ki, Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətdi. Bu fakt birmənalı şəkildə ona dəlalət edir ki, Zəngəzur dəhlizi layihəsi Rusiya tərəfindən də dəstəklənir. Bu qərarın yerinə yetirilməsi üçün Qarabağ üzrə üçtərəfli İşçi Qrupuna daxil olan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın gələn həftə Moskvada görüşməsi də qərara qlındı. Heç şübhəsiz ki, bu Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində konkret sənədin imzalanması üçün münbit şərait yaradacaq. Azərbaycanın nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair üzərinə götürdüyü öhdəlikləri artıq icra etdiyini nəzərə alsaq imzalanmış Bəyanatın bu bəndinin icrası istiqamətində bütün vəzifələrin yalnız Ermənistanın üzərinə düşdüyünü deyə bilərik. Elə Prezidentin də görüş zamanı öz çıxışında tərəflərə və dünyaya verdiyi mesaj bir daha ondan ibarət oldu ki, bir il ərzində dövlətimiz 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların bütünlüklə icra olunması işində üzərinə götürdüyü öhdəliklərə sadiq olaraq indiyə qədər maksimum məsuliyyət və sistemli yanaşma ortaya qoyub.

Bəyanatın mətninə nəzər yetirdiyimiz zaman digər önəmli məqamlar ondan ibarətdir ki, burada Qarabağ ifadəsi yoxdur və yekun sənəddə Ermənistanın hər zaman iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmayıb. Bu amillər heç şübhəsiz ki, Azərbaycanın haqlı və qətiyyətli mövqe olduğunu bir daha təsdiq edir. Bu onun təsdiqidir ki, Azərbaycan hər zaman mənfi tendensiyalardan uzaq olaraq humanist mövqe sərgiləyib. Ötən ildən bu günə qədər 100 nəfərdən çox erməni hərbi qulluqçu, 26 noyabr 2021-ci il tarixində isə daha bir nəfər Ermənistana təhvil verilib. Bununla da Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması işinə olduqca mühüm töhfə verir.

Düşünürəm ki, görüşdəki digər vacib məqam isə Paşinyanın bütün cəhdlərinə baxmayaraq imzalanan bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi ilə bağlı oldu. Bu məqam sülh danışıqlarını daha çox ikitərəfli formata yönəldir və düşünürəm ki, indiki məqamda bizim maraqlarımıza tam olaraq cavab verir. Belə ki, həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bu formatı bizim üçün məqbul edən digər bir məqam da status məsələsinin müzakirə predmetinə çevrilməməsi ilə bağlıdır. Göründüyü kimi, bundan əvvəlki bəyanatlarda və 26 noyabr bəyanatında da bu məsələ ümumiyyətlə dilə gətirlməyib. Bu isə o deməkdir ki, status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb və Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Bütün bu amillərlə yanaşı dövlət başçımızın Soçi səfəri həm də Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından da olduqca əhəmiyyətli oldu. Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir. Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Bu gün Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir, Rusiyanın müəsisələrinin Azərbaycanda filialları açılır. Ümumilikdə isə deyə bilərəm ki, bu gün Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edən 7 yol xəritəsi icra olunur. Bütün bunlar isə təkcə iki ölkə arasında deyil, həm də prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Son olaraq qeyd edim ki, Soçi görüşü və imzalanmış 26 noyabr bəyanatı onu göstərdi ki, Azərbaycan Prezidentinin indiyə qədər istər delimitaisya və demarkasiya, istər nəqliyyat əlaqələrinin bərpası, istərsə də 9 noyabr bəyanatının icrasıyla bağlı dəfələrlə etdiyi bütün çağırışlar faktiki olaraq Rusiya tərəfindən də dəstəklənir. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmaların aradan qaldırılması, mümkün rusklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində fəaliyyət zərurəti yaranıb ki, bu da müzakirələrin davamlı olmasını, həm də əvvəl qəbul edilən Bəyanatların Ermənistan tərəfin icrasını tələb edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...