İnkişaf, elmi-texniki tərəqqi, innovasiyalar, yeni texnologiyalar insan cəmiyyəti üçün yeni imkanlar yaradır və perspektivlər vəd edir. Yetər ki, məhz insan cəmiyyəti bu imkanları müsbət istiqamətdə dəyərləndirsin və bu imkanlardan xoş məram üçün, ağıllı, ədalətli, qanuni şəkildə istifadə etsin. Əks halda bütün bunlar məhz insan cəmiyyətinin əleyhinə işləyə, bu cəmiyyətə mənfi təsirlər göstərə bilər. Eyni ilə elektrik enerjisinin həyatımızı işıqlandırmaqla yanaşı, yanğınlara səbəb olmaq, hətta insan həyatına son qoymaq imkanları kimi.
Hazırda həyatımızı elmi-texniki tərəqqinin, yeni texnologiyaların məhsulu olan interntsiz təsəvvür belə etmək mümkünsüzdür, halbuki bir zamanlar bu barədə insan cəmiyyətinin təsüvvürü belə yaranmamışdı və yox idi. İndi internet insan cəmiyyəti üçün geniş imkanlar yaradır və bu imkanlar barədə sadalamağa da dəyməz, çünki hər kəs bu barədə kifayət qədər məlumatlıdır. Ələlxüsus, informasiyanın əldə edilməsi, işlənib hazırlanması, ötürülməsi baxımından bu kəşfin tayı-bərabəri yoxdur. Bir zamanlar günlərlə məktubların ünvanına çatdırılmasını gözləyənlərin indi bunun üçün saniyələr belə gözləməsinə ehtiyac qalmır. Təbii ki, internetin ardınca da sosial şəbəkələrin yaradılması müxtəlif platformaların meydana çıxmasına səbəb oldu. İnsan cəmiyyəti bu şəbəkələr vasitəsi ilə virtual şəkildə əlaqələr yarada, müzakirələr apara, hətta bir çox məsələlərin həllinə nail ola bilir.
Sosial şəbəkələr arasında ən geniş yayılanlardan biri də Facebook kimi tanıdığımız sosial şəbəkədir və bu şəbəkənin də geniş imkanlar yaratdığı heç kim üçün sirr deyil. Az qala yer kürrəsi sakinlərinin yarıdan çoxu bu şəbəkə istifadəçisidir və onun imkanlarından faydalanır. Dünyanın istənilən yerində olan şəbəkə istifadəçisi ilə, özü də ən sürətli şəkildə əlaqənin yaradılması üçün Facebook əvəzsizdir. Xüsusilə, bəzi məsələlərin müzakirəsi, maariflənmə baxımından əhəmiyyətini qətiyyən danmaq olmaz.
İndi informasiya mübadiləsi üçün Facebook sosial şəbəkəsinin geniş platforma olduğu günün reallığıdır. Etiraf etmək lazımdır ki, insan cəmiyyəti informasiyanı bir çox hallarda kütləvi informasiya vasitələrindən də öncə məhz bu platformadan əldə edir. Doğrudur, kütləvi informasiya vasitələrindən fərqli olaraq bu şəbəkədə informasiya senzuradan keçmədən paylaşılır və bəzən də həqiqətdən uzaq, hətta, təəssüf ki, qərəzli də ola bilir. Bu isə bir qədər öncə qeyd etdiyimiz kimi insan cəmiyyətinin bu imkanlardan, bu platformadan müsbət istiqamətdə, ədalətli, qanuni, doğru istifadəsindən bilavasitə asılıdır.
Facebook şosial şəbəkəsində hər kəsin şəxsi hesabı olduğu kimi, şəxsi yanaşması da var və bəyan edildiyinə görə bu yanaşmanın yayımlanması müəyyən olunmuş qaydalarla tənzimlənir. Əslində, hamı üçün eyni olması fonunda belə bir tənzimlənmə təqdirəlayiqdir, amma əfsus ki, heç də müşahidələrimiz bunu deməyə əsas vermir. Əksinə, onu deməyə əsas verir ki, Facebook sosial şəbəkəsində də bir çox platformalarda müşahidə olunan ikili standartlar, ikili yanaşmalar, özü də ədalətsiz yanaşmalar tətbiq olunur. Məsələ burasındadır ki, Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentinə qarşı bir qıcıq olduğu özünü hər addımbaşı göstərir. Bu şəbəkənin azərbaycanlı istifadəçilərinə qarşı qərəzli münasibət dərhal hiss olunur. İndi az qala hər bir azərbaycanlı bizimlə bu barədə şərik ola, razılaşa bilər və təsdiq edər ki, ona məxsus olan sosial şəbəkə hesabına ən azı bir dəfə məhdudiyyətlər tətbiq edilib. Azərbaycanlılara məxsus bəzi hesablara bir çox hallarda şərh yazmaq, bəzilərinə isə hər istiqamətdə məhdudiyyətlərin tətbiq edildiyinin də dəfələrlə şahidi olmuşuq.
Eyni zamanda onu da nəzərə çatdıraq ki, informasiya müharibəsi dediyimiz cəbhədə də ədalətsiz yanaşmanın şahidi olduq. Məsələn, düz bir il bundan əvvəl Ermənistan tərəfinin təxribatlarına, işğalçılıq yolu ilə yeni torpaqlar zəbt etmək niyyətlərinə cavab olaraq başladılan əks hücum əməliyyatları və 44 gün davam edən müharibə zamanı da Facebook azərbaycanlı seqmentinə qarşı ədalətsizlik oldu. Ermənistanın bir-birinin ardınca hər atəşkəsdən sonra Azərbaycana qarşı terror aktları törətməsi Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub və bununla bağlı olaraq, ölkəmizdə vətəndaş cəmiyyətinin üzvləri, media nümayəndələri, blogerlər, siyasətçilər, millət vəkilləri durmadan beynəlxalq ictimaiyyəti maarifləndirmək üçün müxtəlif məlumatları sosial şəbəkələrdə, sosial platformalar üzərində paylaşmağa başlayıblar. Qeyd edək ki, ən çox paylaşımlar "Facebook", "Teleqram" və "Tvitter" üzərindən aparılırdı və çox təəssüf ki, daha çox auditoriyaya malik olan "Facebook" sosial şəbəkəsi sözün əsl mənasında Azərbaycan seqmentini məyus etməyi bacardı. Sırf Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı edilən paylaşımların çox qısa zamanda "Facebook"un nəzarətçilərinin diqqətini cəlb etməyə başlaması dərhal hiss olunurdu. Ölkədə bu kimi paylaşımlar edənlərin profillərinə müxtəlif məhdudiyyətlər qoyulmağa başladı. Yüzlərlə insanın profillərində müxtəlif funksiyalar bağlanıb, bir çox insan şərh yazmaq, status paylaşmaq kimi səlahiyyətlərdən məhrum edilib, hətta bəzi profillər saxta kimi göstərilərək ümumiyyətlə, ləğv edilib.
Facebook-un azərbaycanlı istifadəçilərinin paylaşımlarına, şərhlərinə məhdudiyyətlər qoyulduğu, bəzi hallarda şəxsi hesabların hətta bloklandığı halda, bu şəbəkənin erməni seqmentinə heç bir məhdudiyyətlər qoyulmadı. Ermənistan tərəfindən şəxsi hesablarının bağlanması, bloklanması barədə heç bir şikayətin olmaması bunu təsdiqləyir və təbii ki, əgər erməni seqmentinə də məhdudiyyətlər tətbiq olunsaydı hansısa şikayətlər olunardı. Deməli, məhz bizə məhdudiyyətlər qoyuldu və bir sözlə, yalnız bizə qarşı ədalətsiz davranıldı. Diqqətə çatdıraq ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub da ünvanlayıb. Müraciətdə son zamanlar Facebook və İnstaqram sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb. Məktubda Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. Nazirlik bu şəbəkəyə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini də tələb edib.
Azərbaycanın bununla bağlı ünvanladığı müraciət tam yerində, vaxtında edilmiş bir müraciət hesab olunsa da "Facebook"dan bununla bağlı müsbət cavab gəlməsinin nə şahidi olan oldu, nə də şahidi olacaq. Çünki, bu qərəzin, bu ədalətsizliyin kökündə yenə də erməni məkrinin durduğu bəllidir. Düzdür, Azərbaycan hökuməti bu şəbəkənin ölkə daxilində fəaliyyətinə müəyyən seqmentlər qoya bilər və bununla da "Facebook" atdığı addımlarda bir daha düşünmək məcburiyyətində qalmalı olar. İstənilən halda ədalətsizlik, qərəz xoş hal deyil və bunu sözügedən şəbəkə nəzərə almalıdır. Nəzərə almalıdır ki, ədalətsizlik, qərəz birbaşa sosial şəbəkələrdən istifadə qaydalarının hüquq və normalarına ziddir. Özü də həssas bir məqamda "Facebook"un ayrı-seçkiliyi, ikili yanaşması tamamilə böyük bir ikrah doğurur. Beynəlxalq platformalar əfsus ki, adətən bu kimi məsələlərə ümumi yanaşma, ümumi münasibət sərgiləyir.
"Facebook"da kifayət qədər ermənilərin işlədiyi barədə məlumatlar var. Onlar "Facebook" da istər yüksək, istərsə də texniki vəzifələrdə çalışırlar. Təbii ki, bu fakt da öz növbəsində bu sosial şəbəkənin azərbaycanlı seqmentinə təsirsiz ötüşə bilməz. Hətta bu təsirlər müxtəlif formalarda da təzahür edib. Məsələn, ikinci Qarabağ müharibəsi dövründə türk və azərbaycanlı adları ilə ermənilərin özlərinə saxta hesablar yaradaraq azərbaycanlıların müxtəlif postların şərh bölmələrində təhqir olunması faktları aşkarlanıb. Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabatında da bildirilir. Hesabatda q eyd olunur ki, bu kimi məsələlərdə “Facebook” şirkətində çalışan erməni əsilli şəxslərin köməyindən istifadə olunub, bu hallar hələ də davam edir və həmin erməni əsilli əməkdaşlar video-müraciətlər vasitəsi ilə ermənilərə azərbaycanlılara məxsus hesablarının bağlanılması barəsində yardım edəcəklərini də bildiriblər. Bu cür troll hesabların açılmasının qarşısının alınması və onların şikayət edilərək silinməsi üçün də müxtəlif tədbirlər görülməsi sözsüz ki, son dərəcə vacibdir.
Doğrudur tədbirlər görülür və müəyyən addımlar da atılır. Məsələn, ”The New York Globe” nəşri qeyd edir ki, 4 milyondan çox azərbaycanlı Facebook istifadəçisi tərəfindən imzalanmış bir müraciət Mark Zuckerberqə ünvanlanıb. Müraciətdə deyilir ki, Facebook baş verən olaylara ədalətli yanaşmalıdır. Facebook bəyan olunmuş bəlli standartlarına hörmət etməlidir. Bu sosial şəbəkə etnik erməni əməkdaşlarına öz mövqelərindən sui-istifadə etməyə imkan verməməlidir. Şosial şəbəkənin erməni əməkdaşları Facebookun azərbaycanlı istifadəçilərinin sülh çağırışlarına söykənən statuslarının yayılmasına imkan vermirlər. Bu isə Facebookun dəyərlərinə ziddir. Qeyd olunur ki, petisiya formalı müraciətdə belə deyilir. Yəni, sosial şəbəkənin azərbaycanlı seqmenti heç də vəziyyətlə barışmayıb, bununla mübarizə aparır və erməni seqmenti düşünməsin ki, sosial şəbəkə daim onların təsirləri altında qalacaq. Xeyr, bu belə olmayacaq, təbii ki, bunun da qarşısı alınacaq.
Göründüyü kimi, sosial şəbəkədə ikili, ədalətsiz, qərəzli yanaşma heç cür qəbul olunmur və virtual aləmdə də ermənilərlə azərbaycanlılar arasında savaş mövcuddur. Bir daha xatırladaq ki, 4 milyon azərbaycanlının eyni sənədə İnternet üzərindən imza atması da sıradan bir addım deyil və çox ciddi faktdır. Əvvəla, bu onun göstəricisidir ki, Azərbaycan xalqı birlik, bütövlük, həmrəyliklə işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşdüyü və qalib gəldiyi kimi virtual aləmdə də ermənilərə qalib gəlmək əzmindədir. Digər tərəfdən Facebookun timsalında bütün sosial şəbəkələr bilməlidirlər ki, Qarabağda beynəlxalq hüququ, ədaləti bərpa edən Azərbaycan cəmiyyətinin virtual aləmdə də ədaləti bərpa etmək imkanı, gücü, iradəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB