YENİLMƏZ, QƏTİYYƏTLİ LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU TƏHLİL

YENİLMƏZ, QƏTİYYƏTLİ LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU TƏHLİL

BMT Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Artıq iki ildən çox müddətdir ki, COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqdadır. Bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Koronavirus pandemiyası “domino effekti”nə səbəb oldu və aparıcı ölkələrin iqtisadiyyatı və sənayeləri tənəzzülə uğradı. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Bu gün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycanın "Biz birlikdə güclüyük" fərqli nümunəsinin uğurlu nəticəsi bütün dünya dövlətləri tərəfindən qəbul edilir. Və bu gün nəticə göz qabağındadır - noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Xüsusilə vurğulamaq lazımdır ki, COVİD-19 virusundan əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problem getdikcə böyüməkdədir. İnkişaf etmiş ölkələr dünya əhalisinin cəmi 14 faizini təşkil edir, həmin ölkələr bu günə qədər dünyada ümumi vaksinlərin 80 faizdən çoxunu sifariş edib. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini sifariş edənlər zəngin ölkələrdir. O zaman sual yaranır ki, bəs, kasıb ölkələrin vətəndaşları nə etməlidirlər? Bu mənada Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ən yüksək tribunalardan haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq bu problemi həll etməyə çağırıb. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib.

COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi və əməli addımları

Qeyd edək ki, pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb və beynəlxalq səviyyədə də 30-dan artıq ölkəyə Azərbaycan tərəfindən humanitar yardımlar edilib. Belə ki, Azərbaycanın təşəbbüsü ilə koronavirusa qarşı mübarizə istiqamətində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Eyni zamanda Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub.

Bu, bir daha onu göstərir ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə adını qürurla qoruyur.

Həmçinin, Möhtərəm Prezidentimizin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü "Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi" adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Vurğulamaq lazımdır ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib. Bir sözlə, BMT Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi, son 18 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə