Paşinyanın fikirləri birbaşa erməni cəmiyyətinə hesablanıb - EKSPERT RƏYİ

“Paşinyanın çıxışında səsləndirdiyi məqamlar birbaşa erməni cəmiyyətinə hesablanıb. Çünki üçtərəfli görüşlə bağlı öncədən mətbuatda kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin çəkilməsi və sərhədlərin müəyyənləşməsi ilə bağlı məlumatlar tirajlandıqdan sonra Ermənistanda etiraz kampaniyaları baş qaldırdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, baş nazir hakimiyyətini qorumaq üçün xalqı sakitləşdirən bəyanatlar verməyə, kommuikasiya, sərhəd və Qarabağ məsələsinin fərqli məsələlər olduğunu, bunlardan birinin müzakirə olunması digərinin də həllinin tapması demək olmadığını cəmiyyətə təlqin etməyə çalışır: “Brüssel görüşü timsalında, istərsə də bundan öncə Gürcüstanın vasitəçiliyi ilə Qərbin prosesə müdaxilə imkanlarının təmin edilməsi birmənalı şəkildə problemləri daha da gərginləşdirmək məqsədi daşıyır. Nə Qərb, nə də Rusiya münaqişə ocağının tamamilə aradan qalxmasında maraqlı deyil. Qərb Ermənistanı müdafiə edib status məsələsini gündəmə gətirərək bu ölkəni öz çətiri altında saxlamaq istəyir, ianə paketləri ayıraraq öz maraqlarına uyğun layihələrin icrasında Ermənistanın yer almasına ümid edir. Bu layihələrdən biri İrandan başlayıb Ermənistan, Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana uzanan dəhlizdi ki, Qərb Zəngəzur dəhlizinə alternativ olaraq bu dəhlizin işləkliyini təmin etmək, rentabelliyini yüksəltməyə çalışır”.

Z.Qarayeva vurğulayıb ki, gələcəkdə bu xətt üzərindən aparılacaq enerji layihələrindən Fransanın Total şirkətinin yararlanması da planlara daxildir: “Bu minvalla Rusiya qaz ixracatı daxil olmaqla, geostrateji əhəmiyyətli bir çox layihələrdən kənar salınmağa çalışılır. Rusiyanın isə özünə xas maraqları var ki, tarixi 200 əvvələ gedir. Dəyişən sadəcə bugün Rusiyanın sülhməramlı adı altında bölgədə olması və əvvəlki dövrdən fərqli olaraq indi hegemoniya deyil, regionda qalmaq uğrunda mübarizə aparmasıdır. Prosesdə Azərbaycanın həqiqi dəstəkçisi yalnız Türkiyədir. Türkiyə isə həm Rusiya, həm də Qərb tərəfindən istənilən vəchlə məsələdən kənarlaşdırılmağa çalışılır. Ermənistan sadəcə forpostu olduğu güclərin diktələrini icra edən tərəfdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə