“Əli Kərimli “şanlı hakimiyyətlərini” xatırlayıb, onları tənqid etməlidir” AÇIQLAMA

“AXCP sədri Əli Kərimli Ermənistanın sərhəddə törətdiyi təxribatlara layiqli cavab verməyimizi Rusiyanın maraqlarına xidmət etmək kimi qiymətləndirərək belə bir “dahiyanə” nəticə çıxarıb ki, ordumuzun “məlum sərhədləri” pozması şimal qonşumuzun Ermənistanda və sərhəddə möhkəmlənməsinə gətirib çıxarır. Bu səbəbdən biz erməni təxribatlarına cavab verərək yeni postlar ələ keçirmək yerinə, durub delimitasiya prosesinin başlanmasını və “halal torpaqlarımızın” özümüzə qaytarılmasını gözləməliyik. Birincisi, sərhədlərin məlum olması barədə iddia çox təəccüb doğurur. Biz elə bilirik ki, ermənilərin “fəaliyyəti” nəticəsində bu gün sərhədlərin haradan keçdiyi nə bizə, nə də daha yüksək ranqlı dövlət rəsmilərinə məlum deyil. Elə delimitasiyanı zəruri edən də, bu prosesi pozmaq, ləngitmək üçün hər cür təxribata əl atan ermənilərə “dərs vermək” zərurətini gündəliyə gətirən də məhz bu vəziyyətdir”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəddinin hardan keçdiyi bir Rusiya Müdafiə nazirliyinin Baş Qərargahında işləyən yüksək vəzifəli şəxslərə, bir də onlarla yaxın əlaqədə olanlara məlumdur: “Əli Kərimli bu adamların arasına necə düşüb ki, bu qədər əminliklə “məlum sərhədlər” ifadəsini işlədə bilir. Qətiyyən aydın deyil. İkincisi, Rusiyanın Ermənistanda möhkəmlənməsinə Azərbaycanın hərbi uğurlarının təsir etməsi iddiası son dərəcə mənasız və yanlışdır. Bu məntiqlə Əli Kərimli öz “şanlı hakimiyyətlərini” xatırlayıb, ilk növbədə onları tənqid etməlidir. Çünki, məhz həmin hakimiyyət heç bir ciddi hazırlıq olmadan, Gəncədəki rus desant diviziyasının yardımına ümid edib, 12 iyun 1992-ci ildə hücum əməliyyatlarına başladı və nəticədə Azərbaycanı son dərəcə ağır duruma saldı. Sonradan AXC hakimiyyətinin Xarici İşlər naziri Tofiq Qasımov bu əməliyyatı ABŞ-ın Dövlət katibi C.Beykerin Qarabağ məsələsi ilə bağlı planını pozmağa yönəldilmiş “təxribat” adlandırdı.

Prezident Ə.Elçibəy isə 1993-cü ilin fevralında ruslara və onun Azərbaycandakı əlaltılarına ümid etməyin yanlış olduğunu anladı və qəti şəkildə bəyan etdi ki, “daha ruslarla iş görməyəcək!”. Yanlış addımları ilə 30 ilə yaxın müddətdə xalqımıza fəlakətlər yaşadan bir hakimiyyətin Dövlət katibi olmuş Ə.Kərimli indi torpaqları erməni işğalından azad etmiş bir hakimiyyətə irad tutur ki, siz ermənilərə “həddini göstərməklə” rusların Ermənistanda və sərhəddə möhkəmlənməsinə xidmət göstərirsini”.

A.Səmədov bildirib ki, bizim ordumuzun “zəfər yürüşü” erməniləri vadar edir ki, öz ərazilərində ikinci rus bazasını, sərhəddə isə rus əsgərlərini yerləşdirsinlər”Bu “müdrik” iddiaları irəli sürən Ə.Kərimli özünə sual vermir ki, bəs, birinci rus bazasının yaranmasına, Ermənistan sərhədlərin qorunmasını ruslara tapşırmağa erməniləri kim məcbur etdi? Necə oldu ki, baltik respublikaları, Ukrayna və Gürcüstanla yanaşı SSRİ-nin saxlanması barədə referendumda iştirak etməyən, Moskvanı qıcıqlandıran addımlar atmaqdan çəkinməyən Ermənistan öz ərazisində rus hərbi bazasını yerləşdirməyə (21 avqust 1992-ci il) və sərhədlərini ruslara tapşırmağa (30 sentyabr 1992-ci il) gətirib çıxaran sənədləri imzalamağa məcbur oldu?

Bu tarixləri ona görə xatırladıram ki, öz avantürist addımlarınızla rusları regiona necə gətirdiyinizi yada salasınız və birillik hakimiyyətiniz dövründə Azərbaycana vurduğunuz yaralardan bəlkə utanasınız, xəcalət çəkəcəksiniz? Ancaq əminəm ki, bu addımı atmayacaqsınız və S.Vurğunun “sözdən qızarmaz ki, bozarmış üzlər!” - kəlamını söyləməkdə nə qədər haqlı olduğunu bundan sonra da öz davranışınızla dəfələrlə təsdiq edəcəksiniz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə