Nikolun “buynuzu” yenidən çıxır? ŞƏRH+AKTUAL

O “buynuzu” kökündən sındıracaq Dəmir yumruq artıq havaya qalxıb!

Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən əsassız iddialarla çıxış etməyə başlaması, xüsusilə, sosial şəbəkə vasitəsi ilə keçirdiyi onlayn mətbuat konfransında Azərbaycana qarşı ərazi iddialarını səsləndirməsi, üstəlik, İrəvanın kommunikasiyaların və yolların açılması üçün şərtlər irəli sürəcəyi ilə bağlı ifadələri belə bir mümkün ehtimalı ortaya qoyur ki, müəyyən dairələr ona “ürək-dirək” verməyə başlayıblar və o da bundan cürətlənib. Əks halda, kapitulyantın belə həyasızlıq nümayiş etdirməsi qeyri-mümkün görünərdi. Artıq Azərbaycanın da tanınmış şəxsləri, millət vəkilləri və politoloqları İrəvanın həyasız davranışlarına səbr etməyin mümkün olmadığını deyir, regionda sülhdən imtina edən, ərazi iddiaları ilə çıxış edən, Qarabağa “artsax” deyən düşmənin başına yenidən və bu dəfə həlledici Dəmir yumruq zərbəsinin endirilməsi vacibliyindən danışırlar. Əbəs deyil ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də bu xatırlatmanı dəfələrlə edib.

Deputat Ceyhun Məmmədov: “Ermənistan bilərəkdən problemlərin həllinə mane olursa, görünür, Dəmir yumruq yenidən işə salınmalıdır”

SİA xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, görünür, növbəti Dəmir yumruğa ehtiyac yaranıb. O, bunu qarşı tərəfin real vəziyyəti dərk etməməsi ilə əlaqələndirib.

“Belə olan halda, bizim Brüssel və Soçi görüşlərindən gözləntilərimizin nə olmasından asılı olmayaraq, görüşlər mütləq baş tutmalıdır. Müharibə bitib və yeni mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə danışıqlar yolu ilə mövqeyimizi bildirib yekun nəticəyə gəlməliyik”, deyən deputat hər iki görüşlərin əhəmiyyətinin böyük olduğunu desə də, Brüssel görüşündən gözləntilərinin bir o qədər də çox olmadığını da etiraf edib və qeyd edib ki, hər şeyə rəğmən, Avropanın Azərbaycanın mövqeyini bir daha bilməsi yaxşı olardı: “Nəzərə almaq lazımdır ki, ötən ilin noyabrın 10-da imzalanan bəyanatın bir neçə bəndi hələ də icra olunmayıb. Misal üçün, Zəngəzur dəhlizinin açılması, Qarabağda fəaliyyət göstərən erməni silahlı dəstələrinin tərksilah edilməsi və s. Azərbaycan planlaşdırılan görüşlərdə həmin problemləri dilə gətirəcək və mövqeyini bir daha ortaya qoyacaq. Soçi görüşündən isə gözləntilər daha çoxdur, çünki vasitəçilik edən Rusiya özü də Zəngəzur dəhlizinin açılmasında, regionda ümumi vəziyyətin normallaşmasında maraqlıdır. Hesab edirəm ki, bu görüşdə Ermənistanın qarşısında bir sıra mühüm məsələlər qaldırılacaq və ola bilər ki, Ermənistan bu problemlərin həlli üçün məcbur ediləcək. Ümumiyyətlə, Ermənistan siyasətini dəyişməlidir”.

Parlamentarinin sözlərinə görə, Ermənistanın təxribatlara davam edəcəyi, müxtəlif üsullarla Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin müəyyənləşdirilməsinə süni əngəllər yaradacağı təqdirdə, Azərbaycanın müharibəyə başlamağa tam haqqı çatır: “Biz 2020-ci ilin 10 noyabr bəyanatına əsasən müharibəni dayandırıb problemləri danışıqlar yolu ilə həll etməyə razılaşmışıq. Ermənistan bilərəkdən problemlərin həllinə mane olursa, görünür, Dəmir yumruq yenidən işə salınmalıdır. Yəni, növbəti müharibənin başlanmasında məsuliyyəti Ermənistan daşıyacaq”.

Politoloq Cümşüd Nuriyev: “Paşinyan üçün siyasi cəhətdən iki masada oturmaq alınmayacaq”

Politoloq Cümşüd Nuriyev isə mövzu ilə bağlı bildirib ki, Ermənistanın daxilində vəziyyət olduqca gərgindir. Belə ki, Ermənistan diqqəti ayrı müstəviyə yönəltmək istəyir, çünki Paşinyanı devirmək üçün əsas yol ölkə daxilində qarışıqlıq, qarşıdurma yaratmaqdır.

“Nikol Paşinyan da bunun qarşısını almaq üçün qeyri-adekvat addımlar atır. ABŞ və Fransa da Ermənistanı Azərbaycanın əleyhinə çıxmağa məcbur edir, eyni zamanda, Paşinyan da hakimiyyətini qorumağa çalışır”, deyə qeyd edən politoloq onu da bildirib ki, istənilən halda, Paşinyanın bu cür bəyanatlar verməsi anlaşılan deyil: “Dəqiqədə fərqli fikir bildirmək xəstə adamlara xas əlamətdir. Adam gah Zəngəzuru açır, gah deyir Naxçıvana yolu haradan vermək lazım olduğuna biz qərar verəcəyik, gah da sərhədlərin delimitasiya və demarkasiyasına razı olsa da, daha sonra bunun lazımsız olduğunu qeyd edir. Yəni, bu adamın konkret mövqeyi yoxdur”.

Cümşüd Nuriyev bildirib ki, belə adama "Bakı küləyi" deyirlər: “Paşinyan kimi siyasətçilər həmişə savadsızlıqlarına görə özləri də istəmədən cəmiyyətdə gərginlik yaradırlar. Rusiya da məsələyə "əl qoymaq" istəyir. Ona görə də dekabrda keçirilməsi planlaşdırılan görüşdən əvvəl Soçidə üçtərəfli görüşün baş tutacağı planlaşdırılıb. Bütün bunlar deməyə əsas verir ki, Pasinyan çıxış yolu tapa bilmir. Belə davam edərsə, o, hakimiyyətdən gedəcək. Odur ki, Paşinyanın çıxışlarını çox da ciddi qəbul etmək lazım deyil, lakin eyni zamanda, onun ötürdüyü informasiyalardan yararlanmalıyıq. O, həm Rusiyanın, həm də Amerikanın istəklərini yerinə yetirməyə çalışır, amma işi batıracaq. Paşinyan bilməlidir ki, ya Amerikadan, ya da Rusiyadan yapışmaq lazımdır. Siyasi cəhətdən iki masada oturmaq alınmayacaq".

Politoloq bildirib ki, əgər Azərbaycan ikinci bir müharibəyə başlasa, ilk növbədə, Qazağın işğalda olan 7 kəndini azad edəcək və belə olan halda, Ermənistanın Gürcüstana çıxışı birmənalı olaraq bağlanır və ölkə tamamilə blokadaya düşür. “Ona görə də Paşinyan ciddi-ciddi düşünməlidir. Onlar istəyirlər ki, Azərbaycan ordusu ilə Rusiya sülhməramlıları arasında atışma nəticəsində hansısa rus əsgəri ölsün və nəticədə Azərbaycanla Rusiya üz-göz olsunlar. Lakin Rusiya çox yaxşı başa düşür ki, onun Qafqazda qalması üçün yeganə şərt Azərbaycanla münasibətləridir”, deyə o qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə