"Görüş Ermənistanın çıxılmaz duruma düşdüyünün etirafı kimi qəbul oluna bilər” - EKSPERT RƏYİ

"Görüş Ermənistanın çıxılmaz duruma düşdüyünün etirafı kimi qəbul oluna bilər” - EKSPERT RƏYİ

“Noyabrın 26-da Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçiriləcək görüş, ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Ekspertin sözlərinə görə, kapitulyasiya aktının imzalanmasından keçən zaman kəsiyində, xüsusilə də son bir neçə ay ərzində Ermənistanın və bölgədə sülhün, əmin-amanlığın təmin edilməsində maraqlı olmayan dairələrin, həmçinin onların siyasi sifarişlərini icra edən erməni diasporunun və lobbisinin atdığı bütün addımlar Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin regional və subregional prosesləri istiqamətləndirmək bacarığı və diplomatik məharəti nəticəsində iflasa uğrayıb: “Eyni zamanda həm Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə həmsərhəd ərazilərində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində rəsmi İrəvanın həyata keçirdiyi və stimullaşdırdığı təxribatatlarının qarşısı məharətlə alınıb, revanşçı niyyətlər 44 günlük müharibə dövründə olduğu kimi acınacaqlı məğlubiyyətə uğradılıb”.

E.Mirzəbəyli vurğulayıb ki, rəsmi İrəvanın regionda yeni qarşıdurma şəraitinin yaradılmasına xidmət edən addımları da Azərbaycan liderinin qətiyyətli, prinsipial mövqeyi nəticəsində məğlub ölkənin bütün digər cəhdləri kimi fiasko ilə sonuclanıb və həm daxili siyasətdə, həm də regional müstəvidə Ermənistanın öz əleyhinə yönəlib: “Müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqları dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləri ilə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub. Noyabrın 26-da Soçidə keçiriləcək görüş Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə