Soçi görüşünə ümidlər böyükdür - ŞƏRH EDİLDİ

Soçi görüşünə ümidlər böyükdür - ŞƏRH EDİLDİ

“Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

O, qeyd edib ki, Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı. “Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuzda uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. İrəvanın üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə keçiriləcək görüşə müsbət cavab verməsi bu aspektdən qiymətləndirilməlidir. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin. Bildiyimiz kimi, görüş Rusiyanın vasitəçiliyi ilə baş tutacaq. Bu isə öz növbəsində 10 noyabr bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürəcə əlavə impuls verəcək. Bu görüşdə də diktə edən tərəf Azərbaycandır. Azərbaycan Prezidenti qalib xalqın lideri kimi Soçiyə yollanır.

Ümumiyyətlə, Soçi görüşünü ötən il imzalanan kaputulasiya aktının davamı kimi xarakterizə edə bilərik. Soçi görüşünə ümidlər böyükdür. Çünki nəzərə alaq ki, 15 dekabr tarixində Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə növbəti görüşün keçiriləcəyi nəzərdə tutulub. Moskva maksimum çalışacaq ki, Soçidə əhəmiyyətli siyasi qərarlar qəbul olunsun və Brüssel görüşü Soçi danışıqlarının kölgəsində qalsın. Bu mənada istisna deyil ki, kommunikasiyaların işlək vəziyyətə gətirilməsi və sərhədlərin müəyyən edilməsi ilə bağlı mühüm razılıq əldə olunacaq. Nəzərə alaq ki, 11 yanvar tarixində keçirilən görüşdə nəqliyyat və iqtisadiyyat əlaqələrinin açılması istiqamətində fəaliyyəti həyata keçirmək üçün baş nazirlərin müavinləri səviyyəsində xüsusi İşçi Qrup yaradılmışdı. Və ötən dövr ərzində bu qrup çərçivəsində dəfələrlə görüş və müzakirələr təşkil olunub. Əgər ali səviyyəli üçtərəfli görüş keçirilirsə, deməli, İşçi Qrup qeyd olunan istiqamətlər üzrə fəaliyyətini uğurla yekunlaşdıra bilmişdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə