Sülhməramlılar hadisələrə niyə biganə yanaşır? - POLİTOLOQ AÇIQLADI

Sülhməramlılar hadisələrə niyə biganə yanaşır? - POLİTOLOQ AÇIQLADI

“Ermənistanın bu təxribatları ilk deyil və təbii ki, sonuncu da deyil. Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi hələ başlanmayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ermənistan çox yaxşı bilir ki, Ermənistan arasında rus qoşunları var: “Üstəlik Qarabağ ərazisində Rusiyanın “sülhməramlıları” fəaliyyət göstərir. Ermənistan çox yaxşı başa düşür ki, əgər, aranı çox qarışdırarsa, Azərbaycan da antiterror əməliyyatına başlayacaq. Burada da artıq Rusiya ilə başabaş gəlmək söhbəti var. Yəni Ermənistan onu istəyir ki, Azərbaycan və Rusiyanı başabaş gətirsin. Eyni zamanda Türkiyəni də bu prosesə qoşsun. Məsələ burasındadır ki, Ermənistan hansı addımı atsa, belə həm Azərbaycan tərəfi, həm də Türkiyə tərəfi hansı adekvat tədbiri görəcəyini yaxşı bilir və zamanında onu edir”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, sülhməramlıların fəaliyyəti bizim üçün əvvəldən məlum idi: “Sülhməramlılar orada sülhü təmin etməyə çalışmır, əksinə orada erməniləri qorumağa çalışır. Ona görə də sülhməramlılar ermənilərin atdığı addımlara bir söz demir. Çünki münaqişənin yenidən yaranması, sərhəddə bu kimi təxribatların törədilməsi onlara sərf edir. Ermənistan bilir ki, Rusiya nəyi istəyir, Rusiya da bilir ki, Ermənistan nəyi istəyir. Ona görə də prosesi uzatmaq məqsədilə ermənilərə verilən dəstək nəticə etibarilə atəşkəsin pozulmasına, qeyri-stabilliyin yaradılmasına gətirib çıxardır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə