Etirazçılar İrəvan metrosunda qatarların hərəkətini dayandırıblar, polis həbslərə başlayıb - VİDEO

Etirazçılar İrəvan metrosunda qatarların hərəkətini dayandırıblar, polis həbslərə başlayıb - VİDEO

Ermənistanın paytaxtı sayılan İrəvanda hakimiyyətə qarşı etiraz aksiyası bu gün də davam edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, özünü “5165” hərəkatının tərəfdarları adlandıranların etiraz aksiyaları bu dəfə İrəvan metrosunda davam edib. Onlar metro stansiyalarından birində hər iki istiqamətdə qatarların hərəkətini 9 dəqiqəyə əngəlləyiblər. Ermənistan parlamentində təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri axşam saatlarında vətəndaşları Respublika meydanına toplaşmağa çağırıblar.

“İtaətsizlik aksiyası metroya çatıb, uzun çəkəcək. Hər kəsi saat 18:30-da Respublika meydanına toplaşmağa çağırırıq”, - deyə iştirakçılardan biri bildirib.

Digəri isə vurğulayıb ki, aksiya hərəkat iştirakçılarının prinsipial mövqeyini nümayiş etdirmək məqsədi daşıyır. Ancaq baş verənlər heç də hamının xoşuna gəlməyib. Sərnişinlərdən biri bu sayaq aksiyaların onun üçün xoşagəlməz olduğunu bildirib. Digəri qışqırıb: “Vorotanı, erməni yollarını verəndə harada idin”.

Qeyd edək ki, “5165” hərəkatının tərəfdarları noyabrın 22-dən İrəvanda etiraz aksiyaları keçirirlər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin məzmununu ictimaiyyətə açıqlamasını tələb edirlər. Siyasi qüvvədə sənədin Ermənistan üçün məqbul olmasına şübhə var. Onlar şübhələnirlər ki, bu sənəd Ermənistanı ərazilərin, strateji qovşaqların və yüksəkliklərin əhəmiyyətli hissəsini verməyə məcbur edəcək, Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınacaq.

Metro stansiyasında polis etirazçıları saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə