Binəqədi rayonunda partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, millət vəkilləri Kamaləddin Qafarov, Səbinə Xasayeva, Madar Musayev, Azay Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, şəhid ailələri və qazilər, partiyanın rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır. YAP yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edib, ölkəmizin siyasi həyatında milli maraqların təbliğində müstəsna rol oynayıb, Ümummilli Lider Heydər Əliyev ideyalarının daşıyıcısına çevrilib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixindən, o illərdə xalqımızın üzləşdiyi çox çətin və ağır günlərdən bəhs edib. E. İbrahimovun sözlərinə görə, ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin ideyalarından güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Millət vəkili Kamaləddin Qafarov çıxışında bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi. Tarix sübut etdi ki, xalq yanılmayıb və 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini nəzaərə alaraq Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanladı. Dahi Şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, yeni yaradılan partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Partiya fəaliyyəti dövründə daim milli dəyərləri əldə rəhbər tutub, dövlətimizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi Ruslan Şıxıyev də partiyanın cəmiyyətimizin inkişafındakı rolundan danışıblar. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə dövlət-xalq-ordu həmrəyliyinin müstəsna əhəmiyyətindən bəhs ediblər. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yeni zəfər salnaməsinə imza atdığını qürurla və iftixarla söylədilər.Tədbirdə yekun nitq söyləyən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri Cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Daha sonra tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. Tədbir bədii hissə ilə başa çatıb. Sonda xatirə şəkli çəkdirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB