"Ermənistanın şərtləri qəbul etməkdən başqa yolu yoxdur" - EKSPERT RƏYİ
“16 noyabr 2021-ci ildə erməni terrorçularının təxribatları nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhəddində şiddətli döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4-ü əsgər olmaqla 7 hərbiçisi şəhid olub. Oktyabrın ortalarından Ermənistan tərəfindən təxribatların səngiməsi Rusiyanın bölgədə sabitlik yaranmasında maraqlı olduğuna inam yaratmışdı. Çünki, son beynəlxalq platformalarda Putin dəfələrlə delimitasiya və demarkasiyanın, kommunikasiyaların açılmasının qaçılmaz olduğunu dilə gətirmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, son baş verənlər, istər Kəlbəcər istiqamətində diversantların sərhəd xəttini keçməsi, istər hərbi toqquşmalar Rusiyanın Qafqaz siyasətinin dəyişmədiyini üzə çıxardı: “Lakin digər məqam təxribatların ABŞ dövlət katibinin bölgəyə səfərindən sonra qızışması ilə bağlıdır. İddia etmək olar ki, Paşinyan da bəyanatın prinsiplərinin pozulması ilə Rusiyanı zərbə altında qoymaqda və hər zaman dilə gətirdiyi Kəlbəcər-Xəzinəvar istiqamətində beynəlxalq müşahidəçilərin yerləşdirilməsində maraqlıdır. Əslində, bu iddianın doğruluq payı daha çoxdur. Çünki, Paşinyan şəxsi mövqeyində bəyanata uymağa razı olsa da, ölkədə Qarabağ klanı və onların təşkilatlandırdığı qruplaşmadan, dolayısı ilə xalq arasındakı çaxnaşmadan və hakimiyyətinə xələl gələcəyindən narahatdır. Ona görə də, bu təxribatlara həm də ona görə göz yumdu ki, müvafiq kəsimlərə Azərbaycanın diktə etdiyi şərtləri etməkdən başqa yolunun olmadığını göstərsin”.
Z.Qarayeva vurğulayıb ki, bu məsələlərdə Rusiyanın bir növ arxa planda dayanması, hərbi qarşıdurma zamanı ənənəni pozaraq ölkə başçılarına zəng etməməsi göstərdi ki, Putin Paşinyanı taleyi ilə baş-başa buraxır və arxayın olduğu Qərbdən ona həyan olmadığını sübut etmək istəyir: “Kimin maraqlarının nə olmasından aslı olmayaraq, yeganə faktor ondan ibarətdir ki, cənab Prezidentin daim dilə gətirdiyi “dəmir yumruq” tezisi hər hansı gəlişi gözəl söz deyil, necə ki, torpaqlarımızı bu yumruq hesabına qaytardıq, eyni şəkildə bəyanatın şərtlərini də bu yumruq vasitəsilə diktə etdirəcəyik. Proseslər zamanı Türkiyə rəsmilərinin də bəyan etdiyi kimi, bu işdə qardaş Türkiyə də Azərbaycanın yanındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB