"Güclü maliyyə təminatının yaradılması nəzərdə tutulub" - DEPUTAT ŞƏRH ETDİ

"Güclü maliyyə təminatının yaradılması nəzərdə tutulub" - DEPUTAT ŞƏRH ETDİ

“2020-ci ildə Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistan üzərində qazandığı Böyük Zəfər nəticəsində 30 ilə yaxın işğal altında olan torpağlarımızı azad etməklə dövlətimizin ərazi bütövlüyünü və tarixi ədalətin bərpasını təmin etdi. Qələbədən sonra da bir sıra yeni reallıqlar yaranıb, ordumuzun müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması istiqamətində atrrdıcıl məqsədyönlü addımlar atılır, büdcədən bu sahəyə xərclər yönəldilir. Müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi və onların maddi-hərbi potensiallarının artırılması ilə bağlı meydana çıxan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsi qarşısında mühüm çağırışlardan biridir. Bu mühüm dövlət prioritetlərini yerinə yetirmək məqsədilə 2022-ci ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi və mühafizəsi, müdafiəsinin təşkili, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, digər müdafiə xarakterli layihələr və tədbirlər üçün güclü maliyyə təminatının yaradılması nəzərdə tutulub. Bütün bu məqsədlər üçün gələn büdcədən 4 milyard 490 milyon manat vəsait ayrılacaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov 2022-ci ilin büdcə zərfinin prioritetlərini şərh edərkən bildirib.

A.Hüseynovun sözlərinə görə, hərbi xərclərimizin artırılması ilə yanaşı, növbəti ildə hərbçilərimizin maddi təminatının daha da yaxşılaşdırılması, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına lazımi dövlət qayğısının artırılması, onların sosial təminatı ilə bağlı əlavə tədbirlərin görülməsi də əsas prioritetlərdən olacaqdır: “Bu günlərdə cənab Prezidentin “Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” barədə müvafiq fərmanına əsasən, hərbçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onlara dövlət qayğısının daha artırılması məsələləri öz əksini tapıb. Həmin sənədən irəli gələn tədbirlərlə bağlı artıq 2022-ci ilin ilin dövlət büdcəsində maliyyə təminatı yaradılıb. Gələn il hərbi qulluqçuların mənzil təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə büdcədən 35 milyon manat vəsait nəzərdə tutulub”.

Millət vəkili qeyd edib ki, gələn ilin büdcə xərcləri 29 milyard 879 milyon manat proqnozlaşdırılıb ki, bu da son 30 ilin, yəni Azərbaycanın müstəqillik dövrünün ən böyük büdcə xərcləri deməkdir. “Zəfərdən sonra Qarabağ və Şərqi-Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların həyat şəraitinin bərpası, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün əhəmiyyətli maliyyə təminatı nəzərdə tutulub. 2022-ci ildə bu məqsədlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıb.

Aydın Hüseynovun sözlərinə görə, büdcədə digər ən mühüm prioritetlərdən biri sosial təminat, səhiyyə, təhsil, kənd təsərrüfatı, sahibkarlıq və iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstəyinin artırılmasıdır. “2022-ci ilin dövlət büdcəsinin əsas xərclərini sosialyönmülü xərclər təşkil edəcək. Həmin xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək. Gələn il minimum aylıq əməkhaqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. 2022-ci ildə büdcənin əməkhaqqı fondu 1 milyard 650 milyon manat artacaqdır. Belə ki, 2022-ci ildə əməkhaqları, müavinət və sair sosial ödənişlərlə bağlı artımların maliyyələşdirilməsinə, ümumilikdə bütün sosial tədbirlərə əlavə olaraq büdcədən 1 milyard 650 milyon manat maliyyə təminatı artıq təmin edilib. Bu əhəmiyyətli sosial siyasətin nəticəsində gələn il dövlət büdcəsinin sosialyönümlü xərc yükü 13,5 faiz artırılaraq 40,8 faizdən 46,4 faizə çatdırılacaq və ümumilikdə 29,9 milyard manatlıq büdcə xərclərinin 13,9 milyard manata yaxını birbaşa sosial təyinatlı olacaqdır. Bütün bu addımlar isə Azərbaycanın sosial dövlət modelinə üstünlük verdiyini göstərir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə