Azərbaycan xalqı ermənilər tərəfindən zaman-zaman soyqırıma, terrora məruz qalıb. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Tarixə diqqət etsək görərik ki, iki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı, terrorun acı nəticələrini yaşamışıq. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Yaxın tariximiz olan 44 günlük Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının, terrorçuluğunun təzahürüdür.
1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsindən 30 il ötür. 1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın sıxışdırıldığını diqqətə çatdırmaq olmuşdur. Bu səbəbdən də, həmsədrlər razılaşırlar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı. Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına "Aşanak" kolxozunun heyvandarlıq birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən, Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, "Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam Hava Limanına verilən xəbərdən sonra bu adamlar vertolyota minmirlər.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə, məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u siyahı tərtib olunur və ilkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil olunur. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam Hava Limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə, üçlük nəzarət edir - Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi və polkovnik Oleq Osenov.
Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür. Lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verir. Həmin məlumatı saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayır.
Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə, qəza nəticəsində 22 nəfər həlak olub.
İlkin olaraq, Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edilib.
Bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı məkrli şəkildə hazırlanmış terror aktının tərkib hissələri idi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB