“Avropa Birliyi bir xristian klubudur” ÖZƏL-MÜNASİBƏT

“Avropa Birliyi bir xristian klubudur” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan müstəqillik əldə etdiyi ilk dövrlərdən ABŞ-ın xüsusilə də, Qərb dünyasının demokratik dəyərlərini əxs etmək və onları Azərbaycana gətirmək, Azərbaycanı demokratik dünyaya inteqrasiya etməklə bağlı fikirlərimiz və mövqelərimiz ortada idi. Bu məsələ ilə bağlı fərqli baxışlarımız var idi. Amma ötən dövr ərzində biz gördük ki, Qərb dünyasında demokratik dəyərlər bir çox hallarda ikili standartlı münasibət ortaya qoymuş olur”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, islam dünyasına qarşı demokratik dünyanın münasibəti ilə bağlı bir çox ikili standartlara rast gəldik: “Bildiyiniz kimi, bu illər ərzində Avropa Birliyinə daxil olunması üçün Türkiyə böyük çabalar göstərdi, amma Türkiyəni qəbul etmədilər. Çünki məlum oldu ki, əslində, Avropa Birliyi bir xristian klubudur. Ona görə də, ABŞ-ın özündə də demokratiyaya münasibət fərqlidir. Biz görürük ki, ABŞ digər dövlətlərə münasibətdə demokratik dəyərlərini fərqli formada təqdim etməklə məşğuldur və dünya dövlətlərinə münasibətdə də fərqli mövqelər ortaya qoymur. Ona görə də, Azərbaycanın və Türkiyənin bu cür tədbirə dəvət olunmamasına bir o qədər də ciddi önəm verməyin tərəfdarı deyiləm. Bu gün Azərbaycan və Türkiyə regionda xüsusi söz sahibinə çevrilmiş ölkələrdir”.

A.Əlizadə bildirdi ki, uzun illər ərzində qərəz görmüşük, ikili standartlıq görmüşük və ona görə də, Azərbaycan üçün xüsusilə də Türk dünyası üçün Türkiyə üçün ABŞ-ın, Qərbin demokratik dəyərləri bütövlükdə bir etalon ola bilməz: “ABŞ-ın “demokratiya sammiti”nə Azərbaycan və Türkiyənin dəvət olunmaması heç bir halda Azərbaycan və Türkiyəni nə zəiflətmir, nə nüfuzunu aşağı salmır, nə də bizim inkişafımızın qarşısını ala biləcək hansısa bir element deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə