“Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır" - MÜNASİBƏT BİLDİRİLDİ
“VIII Zirvə Görüşü türk dövlətləri arasında münasibətlərdə yeni mərhələ açacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə bildirib.
Onun sözlərinə görə, qardaş Türkiyə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib: “Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər. Türk Dövlətlərinin rəhbərləri bir araya gələrək, regionun bugünkü reallıqlarını, gələcəyin istiqamətlərini müzakirə ediblər.
Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında qərar imzalanıb. Təşkilatın adının dəyişdirilməsi, Türkmənistanın müşahidəçi kimi Birliyə daxil edilməsi türkdilli dövlətlərin gələcək hədəflərinə verilən töhfədir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi Türk Dünyasının birliyini daha da möhkəmləndirdi, türk dövlətlərini yaxınlaşdırdı. Zirvə Toplantısında Birliyə üzv dövlətlər Prezident İlham Əliyevin Türk dünyası qarşısında xidmətlərini yüksək qiymətləndirdilər. Azərbaycan Prezidenti İlham Əliyev gərgin əməyi, prinsipiallığı, türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".
Türk dünyasının Ali Ordenini təqdim edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən onu Müzəffər Ali Baş Komandan adlandırdı: "Qardaş ölkənin dövlət başçısı dedi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.
VIII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı olduqca mühüm məqamlara toxundu, bütün dünyaya əhəmiyyətli mesajlar verdi. “Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır.”
Cənab Prezident 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirdi. Vətən müharibəsində xüsusilə Türkiyənin siyasi və mənəvi qardaşlıq dəstəyi hər an hiss olundu. Bu gündə Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.
Qeyd edək ki, 2009-cu ildə Naxçıvanda bu təşkilat yaranandan ötən illər ərzində türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahələrində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar bu dövlətlərin birliyini bir daha nümayiş etdirib. Bakıda 2019-cu ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratdı. İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının birliyinin daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı oldu. Türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradıldı. Türkdilli dövlətlərin ortaq mövqeyi, dostluq, qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə daha da güclənməsi quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB