Günəş şüaları ilə nurlanmış işıqlı, ağ evimiz "Ağdam"

Günəş şüaları ilə nurlanmış işıqlı, ağ evimiz "Ağdam"

Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində yerləşən, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərindən Kür-Araz ovalığının qərbində 1094 kvadrat kilometr ərazisi olan Ağdam inzibati rayonu 1930-cu ildə yaradılıb. Bu ərazidə uzaq keçmişdə yaşamış Türk dilli qəbilələr özlərini müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Elə bu səbəbdən də, bu ərazi “kiçik qala” yəni qədim türk dilində “Ağdam” adlandırıldı. Qarabağ xanı Pənahəli xan XVIII əsrdə bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilir və “Ağdam” - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev kimi adlandırılır.

1993-cü il 23 iyul tarixində Ağdam ətrafında 42 gün davam edən döyüşlərdən sonra, Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunur, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olur, minlərlə insan yaralanır, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşır.

“Ədalət yolu abadlığa aparır, amma yolun özü çox vaxt daşlı-kəsəkli olur”.

Bəli, 30 il ərzində dünya birliyi bu haqsızlığa, bu ədalətsizliyə susdu və 2020 – ci ilin 27 sentyabr tarixində Qarabağ uğrunda savaşa qalxan Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə birlikdə haqq işinə başladı. Daşlı-kəsəkli, ağrılı acılı olsa da, Azərbaycan əsgəri öz qanı bahasına Qarabağı işğaldan azad etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi.

“Torpağa mərhəmət xeyirdir inan, Lütf etsən gül verər, zülm etsən tikan”.

Bəli tarixən, satqın və xainlik edən erməni xisləti, heç vaxt ona məxsus olmayan Azərbaycan torpaqlarına da, zülm etdi. Ağdamın burada işğal altında olan 880 kvadrat kilometr ərazisində bircə Ağdam məscidindən başqa (hərbi oriyentir üçün) bütün banalar dağıtdı, yerlə bir etdi, meşələri, bağları abidələri yandırıb tikanlı, daşlı kəsəkli xarabalığa çevirdi. Bu səbəbdən də, bura gələn dövlət və mətbuat nümayəndələri, xarici qonaqlar buranı Qafqazın Hirosiması adlandırdılar.

“Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik”.

Biz Azərbaycanlılar, bu torpaqların əsil sahibləri bu, öz torpaqlarımıza sevgi toxumu əkmək üçün gəldik. Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunur. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunur. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə