"Ermənistan onsuz da ağır olan vəziyyətini daha da dramatikləşdirdi" - ŞƏRH ETDİ
"Qırx dörd günlük vətən savaşının nəticələri olaraq işğalçı Ermənistanın qəbul etdiyi təslimçilik aktının qəbul edilməsindən təxminən bir il sonra təcavüzkar tərəfin yenidən hərbi-siyasi təxribatlara əl atması təəssüf doğurur. Lakin məsələnin mahiyyətinə dərindən nəzər saldıqda bu cür təxribatlar gözlənilən idi. Ən azı ona görə ki, artıq bütün dünyanın terror dövləti kimi qəbul etdiyi Ermənistanın hazırda kim və hansı qüvvə tərəfindən idarə olunması hamı kimi erməni ictimaiyyətinə də qaranlıqdır". Bunu SİA-ya açıqlamasında "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti, ölkədəki revanist müxalifət və onların tərəfdarları erməni lobbisi, Ermənistanda geosiyasi maraqları olan böyük güclər, bölgədə sül yaranmasına qarşı olan qüvvələrin hər biri 10 noyabr 2020-ci il üçtərəfli anlaşmasına fərqli münasibətdədirlər: "Lakin hazırda Ermənistan-Azərbaycan dövlət sərhəddində, məhz Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərginliyin əsl səbəbini təhlil etmək üçün XX əsrin regional tarixinə də nəzər yetirmək zərurəti yaranır.
Məlum olduğu kimi 1914-cü ildən başlayaraq Anadoluda və Qafqaz bölgəsində sürətlə silahlanan erməni toplumu nəticə etibarı ilə qadın və uşaqlardan da ibarət olmaqla silahlı birləşmələr yaratdılar. Birinci dünya müharibəsində Osmanlı dövlətinə qarşı xəyanət və üsyanlar qaldıran ermənilər çoxsaylı terror aktları və soyqırımılar törətməklə Azərbaycan Milli Şurasını İrəvan şəhərini gələcək Ermənistan dövlətinin paytaxtı elan olunmasına güzəştə məcbur etdilər. Sonrakı mərhələdə daşnak və bolşevik ermənilər silahlı üsyan və terror atlarını davam etdirməklə Nəriman Nərimanov başda olmaqla Sovet Azərbaycanını rəhbərliyinin şərqi Zəngəzuru Ermənistana güzəştə vadar etdilər.
Yuxarıda sadaladığımız iki mühüm fakt uzun illər Azərbaycan xalqından gizlədilsə də tarixi ədalət yaddaşlara da hakim olub. Ermənilərin bu hiyləgərliyi Azərbaycan xalqına bəllidir. Proseslər göstərir ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin müxtəlif istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlaması yalnız hərbi məqsədli deyil, eyni zamanda siyasi mahiyyətli təxribatdır. Düşmən tərəf bu cəhdi ilə xırda bir təpəni də olsa işğal etmək və bunla bir tərəfdən ölkə daxilindəki revanşist qüvvələrə ümid vermək istəyir ki, hələ də işğal üçün gücümüz var. Digər tərəfdən siyasi hakimiyyət hərbi təxribatlara söykənərək Azərbaycan tərəfinə mesaj vermək istəyirdi ki, xüsusilə Zəngəzur dəhlizinin açılmasına qarşı olan qüvvələri sakitləşdirmək üçün müəyyən güzəştlər lazımdır. Lakin görünən budur ki, düşmən “çoxbilmiş quş dimdiyindən tələyə düşər” prinsipi ilə onsuz da ağır olan vəziyyətini daha da dramatikləşdirdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin hərbi hücumları nəticəsində şəhidlərimiz var. Ermənistan tərəfi canlı qüvvə və texnika itkisi verib. Bundan başqa düşmən ordusunun çox sayda hərbçisi əsir götürülüb. Bütün bu cinayətlərə görə, Ermənistan dövləti məsuliyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB