Ağdaş rayonunda şəhid Murad Hacıyevin xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub FOTOLAR
44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonu Gürcüva kənd sakini Hacıyev Murad Eynulla oğlunun ildönümü ilə əlaqədar şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı kənddə tədbirlər keçirilib. Tədbirlərdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Əvvəlcə şəhidin xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçdiyi qısa və şərəfli ömür yolundan danışılıb. Gürcüva kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib. Tədbirdə çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonra şəhidin Gürcüva kənd qəbiristanlığındakı məzarı və ailəsinin yaşadığı ev ziyarət edilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, atasına və qohumlarına başsağlığı verilib. Hacıyev Murad Eynulla oğlu 18 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Gürcüva kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yola düşən Murad Hacıyev Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidimizin nəşi möhtəşəm Qələbəmizdən sonra tapılmış və noyabrın 17-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB