Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür - ŞƏRH

Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür - ŞƏRH

Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatların baş verməsi bir daha işğalçı ölkənin faşist xislətli cinayətkar ölkə olduğunu göstərir. Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törətməyə cəhd edib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 7 nəfər həlak olan hərbi qulluqçularımız şəhid olub, 10 nəfər yaralanıb.Allah şəhid olan hərbi qulluqçularımızın ruhunu şad etsin, yaxınlarına səbir versin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Hal-hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında, görüşlərində, müsahibələrində dəfələrlə vurğulayıb ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Elə bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Prezidenti bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib. Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.

Ağır durumda olan Ermənistan niyə təxribata əl atır?

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur. Rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Belə olan halda Ermənistanı çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi?

Aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Və belə bir durumda dövlət sərhədində gərginlik yaradan Ermənistan bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaq, öz siyasi spekulyasiyalarını həyata keçirmək üçün konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək və özünə daha çox havadar qazanmaq istəyir. Eyni zamanda, Ermənistan bu hərəkətləri ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan açıq-aşkar imtina edir. Müəyyən xarici dairələrin erməniləri qızışdırması da istisna deyil. Ölkənin sərhədində bu cür təxribatların baş verməsi çirkin niyyətlərdən xəbər verir. Fransanın Ermənistandakı səfirinin "münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır" kimi bəyanatları revanşist qüvvələri daha da cəsarətləndirib. Bütün bunların Avropa İttifaqının Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırmasından sonra daha geniş vüsət alması da təsadüfi deyil. Ermənistan dolayı yolla Rusiyaya "daha sənə ehtiyacımız yoxdur" demək istəyir. Əks təqdirdə, Paşinyan Putinin zəmanəti altında imzaladığı Bəyannaməni pozmağa cürət etməz, Rusiya prezidentinə qarşı belə bir qudurğan da davranış sərgiləməzdi.

Ermənistanın istədiyi odur ki, vaxtilə Azərbaycan kimi müharibəni deyil, döyüşü uduzduğuni iddia etsin. Yəni: “Biz döyüşü uduzmuşuq, amma müharibə bitməyib və bundan sonra problemin hərbi yolla həlli yoxdur”.Baş verənlər bir daha onu sübut edir ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır və tez-tez atəşkəsi pozur ki, qoy, bütün dünya həqiqətən də müharibənin bitmədiyini görsün və məsuliyyətdən yayınmaq üçün isə dərhal bütün diplomatik və informasiya resurslarını işə salaraq, atəşkəsi Azərbaycanın pozduğunu dünyaya car çəkir.

“Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq”

Prezident İlham Əliyevin dediyi kimi: “Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

Göründüyü kimi, real vəziyyət belədir. Dövlətimizin başçısının dediyi kimi, “Əgər ermənilər öz çirkin planlarındanəl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq". Ermənilər bu çirkin əməlləri ilə ən ağır nəticə ilə üzləşəcəklər və Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə vadar ediləcək. Çünki bizim Prezidentimiz yalnız haqq ədalət tərəfdarı kimi çıxış edir və dünya dövlətləri də bunu bilir. Tarixən ədalət qalib gəlib, Azərbaycan xalqı da düşməni yerində oturtmağa qadirdir. Ermənistanın isə qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir. Və Ermənistandakı revanşistləri nəzərə almasaq, digər vətəndaşlar artıq dərk edirlər ki, Qarabağ onların deyil və özgə torpaqları uğrunda ölmək ağılsızlıqdır. Ona görə də əsgər anaları-ataları hər gün müxtəlif şəhər və rayonlarda ayağa qalxıb övladlarının Qarabağ istiqmətində hərbi xidmətə aparılmasına qarşı üsyan edirlər. Ermənilər yaxşı anlayırlar ki, güvəndikləri dövlətin Azərbaycanla istənilən formada mübarizə aparmaq gücü yoxdur. 30 il ərzində qurulan və “keçilməz sədlər” adlandırılan müdafiə sistemlərinin 44 gün ərzində darmadağın edilməsi bunun bariz göstəricisidir. Bundan sonra hər hansısa bir təxribat olarsa, «dəmir yumruğun» növbəti zərbəsini alacaqlar. Ona görə də işğalçı, məğlub Ermənistan və onun havadarları bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə