“ABŞ-da toplanacaq sammitin demokratiya ilə heç bir əlaqəsi yoxdur” AÇIQLAMA

“ABŞ-da toplanacaq sammitin demokratiya ilə heç bir əlaqəsi yoxdur” AÇIQLAMA

“Gələn ayın əvvəllərində video-konfrans formatında keçirilməsi planlaşdırılan “Demokratiya sammiti”nə hazırlıq prosesində baş verənlər ABŞ-ın nə qədər ədalətsiz mövqe tutduğunu, “ikili standart” siyasəti yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Sammitə dəvət olunanların siyahısı rəsmi qurumlar tərəfindən açıqlanmasa da, “Politiko” qəzeti vasitəsilə ictimai rəyə sızdırıldı və biz demokratiyanın “fontan vurduğu” yeni dövlətlərlə tanış olmaq imkanı əldə etdik: “Məlum oldu ki, ABŞ-ın yeni administrasiyasının gözündə Azərbaycan, Türkiyə, Macarıstan demokratiya standartlarına cavab verən ölkələr deyil, ancaq, hakimiyyətdə olan qüvvələrin siyasi rəqiblərinə divan tutduğu Ermənistan, bütün dünyanın ən böyük islahatçı elan etdiyi M.Saakaşviliyə “qan uddurduğu” Gürcüstan nümunəvi demokratik dövlətlərdir. Bunların yanında təbii ki, onlar qədər demokratiyaya, insan azadlıqlarına “dəyər” verən ölkələr dayanır və məlum olur ki, İrak, qardaş Pakistan, Konqo Demokratik Pespublikası, hətta dünyanın müstəqil dövlət kimi tanımadığı Tayvan ABŞ-ın gözündə demokratik dövlətlərdir və biz onlardan nümunə götürməliyik.

A.Səmədov bildirdi ki, əslində, hamıya məlumdur ki, dekabrın 9-10-da ABŞ-da toplanacaq sammitin demokratiya ilə heç bir əlaqəsi yoxdur: “Bu ABŞ-a “biət” edənlərin, onun hər sözünü “Quran ayəsi” sayanların, dost olduğunu hər gün “sübut edənlərin” toplantısıdır.

Təbiidir ki, belə “yığnaqda” müstəqil siyasət yeridən, “demokratik” dünyanın bütün təzyiqlərinə baxmayaraq işğal olunmuş ərazilərini azad etmək cəsarəti göstərən Azərbaycana yer yoxdur. Az qala hər gün ABŞ-ın ədalətsiz davranışı ilə üzləşən, F-35 proqramından çıxarılan və ödədiyi 1,4 milyard dollar halal pulunu geri ala bilməyən, “müttəfiqinin” tətbiq etdiyi sanksiyalar nəticəsində ağır duruma düşən və bu münasibətin nəticəsi olaraq Rusiyaya yaxınlaşmaq məcburiyyətində qalan qardaş Türkiyənin sammitə dəvət olunmaması da tamamilə normal qarşılanmalıdır. Türkiyə müstəqil, cəsarətli siyasəti ilə hamının rəğbətini qazanmış ölkədir və ABŞ-ın bu cür dövlətlərə “allergiyasının” olduğu heç kimə sirr deyil. Türk dünyasının artan nüfuzu, güclənməkdə olan birliyi, burada Türkiyə və Azərbaycanın aparıcı rol oynaması təbii ki, ABŞ-ı qane etmir. İki qardaş dövlətin dəvət almamasının kökündə həm də bu amil dayanır. Macarıstanın cəzalandırılması da çox güman ki, onun türk birliyinə yaxınlaşmaq cəhdləri ilə bağlıdır.

Nəhayət, hamıya yaxşı məlumdur ki, bu toplantı “demokratiya sammiti” deyil, ABŞ-ın özünü dünyaya nümunəvi dövlət kimi təqdim etməsinə, özünü reklam etməsinə yönəlmiş növbəti, uğursuz tədbirdir. Bu “sammit” demokratik dövlətlərin deyil, ən yaxçı halda ABŞ-ın əl işarəsi ilə qalxıb-oturanların qlobal kooperasiyasını təmin etməyə yönəlib və nəzərdə tutulduğu kimi bir il sonra qəbul olunmuş qərarların icrası haqqında “hesabat” baş tutmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə